Qadın özünə xəsarət yetirib

  • SpaceTV
  • 27 Avqust 2019 12:08

Qaxda hamilə qadın müxtəlif dərəcəli bədən xəsarətləri və koma vəziyyətində Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub ki,qadın özü-özünə xəsarət yetirib. Bəzi versiyalara görə isə, hamilə qadını döyüblər. Hadisəni araşdırmaq üçün əməkdaşımız xəstəxanaya yollanıb.

Turaclı kənd sakini, 31 yaşlı Aynur Vəliyevanın yaxınları qadının özü-özünə xəsarət yetirdiyini bildiriblər.

Qadının atası Sifayət Vəliyev müsahibə verməsə də şifahi olaraq bildirib ki, qızı ötən ilin sonunda ailə həyatı qurub və bir-neçə gün öncə həyat yoldaşından boşanaraq ata evinə qayıdıb. Psixoloji sarsıntı keçirən Aynur özünə xəsarət yetirib. O,bildirib ki, sosial şəbəkələrdə qızının döyülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. Hazırda anası və mən xəstəxanadayam, qızımın da vəziyyəti yaxşıdır deyə Sifayət Vəliyev bildirib.

Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində özünə xəsarət yetirdiyi deyilən hamilə qadınla bağlı məlumat yayıb. Bildirilib ki, Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub. Xəstəxanaya gətiriləndə xəstənin huşu özündə olmayıb. Müayinə zamanı qadının iki aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır. Vəziyyəti orta-ağır qiymətləndirilir”.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov Space-Qax

Paylaş

 Xəbəriniz olsun