Qəribə məxluqlar təsvir olunan ən qədim qayaüstü şəkillər tapıldı

  • SpaceTV
  • 14 Dekabr 2019 10:13

Arxeoloqlar İndoneziyanın Sulavesi adasında qədim qayaüstü rəsmləri olan mağara tapıblar. Həmin rəsmlərdə yarı heyvan, yarı insan olan məxluqların ov etdiyi əks olunub. Alimlərin fikrincə, təsvirlərin yaşı 44 min ilə yaxındır. Bu, əcdadlarımızın təxəyyül və mücərrəd düşüncəyə malik olduğunu göstərən ən qədim dəlildir.

Bu barədə arxeoloqlar “Nature” elmi jurnalında yazırlar.

Məqalədə bildirilir ki, rəsmin uzunluğu 4,5 metr olan hissəsində vəhşi donuzlar və camışlar təsvir edilib. Onların yanında quyruğu və heyvan başı olan insana bənzər kiçik ölçülü fiqurlar çəkilib.

“Bu şəkillər əcdadlarımızın təbiətdə mövcud olmayan şeyləri təsəvvür edə bildiklərini göstərən qədim nümunədir. Heyvaninsan məxluqları dünyanın bütün xalqlarının mifologiyasında və folklorunda mövcuddur və adətən onları allahlar, əcdadlar və ruhlarla əlaqələndirirlər. Qədim indoneziyalılar öz şəkillərində bu əlaqəni Avropanın ilk sakinlərindən xeyli əvvəl təsvir ediblər. Halbuki biz əvvəllər düşünürdük ki, müasir dinlər  Avropada yaranıb”, – deyə Qriffit Universitetinin professoru (Avstraliya), yeni tapıntını araşdıran arxeoloqlardan biri Adam Brumm bildirib.

Alimin sözlərinə əsasən, hələ bir müddət əvvəl antropoloqlar və arxeoloqlar hesab edirdilər ki, qayaüstü rəsmlər, eləcə də daş dövrünün təsviri incəsənətinin digər təzahürləri yalnız qədim insanların Avropa populyasiyaları ilə bağlı idi. Bir neçə il əvvəl tədqiqatçılar neandertalların da şəkil çəkə bildiyini müəyyən ediblər. Alimlər eləcə də ən qədim “Homo sapiens” rəsmlərinin əslində Avropada deyil, Cənub-Şərqi Asiyada olduğunu da aşkar ediblər.

Bundan başqa, Afrika ərazisində aparılan qazıntılar göstərir ki, təsviri sənət insanlar Qara qitəni tərk etməmişdən əvvəl yaranıb. Məsələn, 2011-ci ildə arxeoloqlar Cənubi Afrika mağarasında üzəri boya ilə örtülmüş balıqqulağı aşkar etmişdilər. Qədim rəssamın ondan palitra kimi istifadə etdiyi ehtimal olunur. Həmçinin yaşı 100 min ilə yaxın olan digər rəssamlıq alətləri də tapılmışdı.

Paylaş

 Xəbəriniz olsun