Lənkəranda qazılan quyudan qədim maddi-mədəniyyət nümunələri tapılıb. Küp sınıqları, boşqab qalıqları və çıraqlar tarixi əhəmiyyət daşıyır.
Lənkəranın Sütəmurdov kənd sakini Xəyal Məmmədov deyir ki, 15 il əvvəl də həyətlərində quyu qazılarkən oxşar hadisə ilə qarşılaşıblar. Amma əhəmiyyət verilməyib. Bu dəfə quyuda aşkarlanan müxtəlif ölçülü küp sınıqları, boşqab qalıqları, çıraqlar diqqəti daha çox cəlb edib. Bu barədə məlumatlandırılan AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları quyuya baxış keçirib. Təqribən eni 1, dərinliyi 5 metr olan quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb. Məhz həmin təbəqədə aşkarlanan tapıntıların orta əsrlər dövrünə aid olduğu müəyyən edilib.
Mütəxəssisin bildirdiyinə görə mədəni təbəqənin profilində 0, 7 metr qalınlığında yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları və qalın kül qatı sübut edir ki, burada həyat ardıcıl, intensiv davam edib. Sonralar abidənin üzərində kənd yaşayış yeri salındığından mədəni təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.
Tapıntılar tədqiq olunması üçün Lənkəran Regional Elmi Mərkəzinin arxeologiya şöbəsinə təqdim olunub. Tədqiqat işləri başa çatdırıldıqdan sonra abidə haqqında elmi məqalə hazırlanaraq elmi ictimaiyyətə çatdırılacaq.
Rövşən Almazoğlu Space Lənkəran