Qəbirstanlığa od vuranlar

  • SpaceTV
  • 17 Avqust 2019 13:05

Space.TV –yazır ki, qəbiristanlıq insan düşüncəsi üçün xüsusi aurası olan bir yerdir. Biz ora dünyadan köçmüş yaxınlarımızı ziyarətə gedir, özümüzün də son mənzilimizin burada olacağını düşünürük. Yüksək mədəniyyətli cəmiyyətlərdə məzarlıqlar da bir qayda olaraq, nizamlı və səliqəli olmalıdır.

 Amma təəsüf ki, bizdə çox vaxt elə səliqə yaratmaq məsələsi də özünəməxsusluğu ilə seçilir. Məsələn, qəbiristanlıqları ot-alaqdan təmizləmək əvəzinə, onlara od vurub  yandırmaq, ətrafı kül və tüstüyə qərq etmək bir növ, adət şəklini alıb. Gəncənin qəbiristanlıqları da bu cür mənzərələrdən xali deyil.

Qəbristanlıqlarda ilk gözə dəyən  xoşəgəlməz faktlardan birincisi qəbirlərin ətrafında yığılan  otlağın  və ya digər zibillərin yandırılmasıdır. Bu gün Gəncənin üç əsas qəbristanlğında  bu faktlar müşahidə olunmaqdadır. Yay aylarında isə sözügedən vəziyyət daha da acınacaqlı olur. Amma iş orasıdır ki, bu “od vurma” “əməliyyatını” çox vaxt elə qəbiristanlığa gələn ziyarətçilər törədirlər. Bunun da səbəbi odur ki, qəbirlərin arasını basmış bitkilər demək olar ki, heç vaxt biçilmir. Dünyasını dəyişmiş yaxınlarını ziyarət edənlər də ot-alaqla, eləcə də zibil yığını ilə  bu cür “mübarizə” edərək,  ətrafa  od vurub gedir. Halbuki qəbristanlıqların  ətrafında neçə metr məsafədə məşə tullantıları üçün xüsusi qutular qoyulub.

Məsələyə münasibət bildirən aidiatı qurumlar vəziyyətə nəzarət etməkdə çətinlik çəkdiklərini gizlətmir.

Əlbəttə, gördüyünüz bu mənzərələr insanda heç də xoş ovqat yaratmır. Ancaq  bütün bunları yaradanlar da elə özümüzük. Odur ki, xoş olmayan əməllərimizin kənardan göstərilməsindən nəticə çıxarmaq da elə bizə düşür.

Zakir Muradov –  Gəncə

Paylaş

 Xəbəriniz olsun