Protezlə təmin olunan Vətən müharibəsi qazilərinin sayı AÇIQLANDI

  • Space TV
  • 3 Fevral 2021 13:53

2020-ci il ərzində 11 344 əlilliyi olan vətəndaş 35 min protez – reabilitasiya vasitəsi ilə təmin edilib. Bu isə 2019-cu ilin nəticələrinə nəzərən 17 faiz çoxdur.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən əlil olan şəxslər yüksək texnologiyalı protezlərlə təmin edilir və bundan sonra da ediləcək:

“Bütün bu hallara baxılması üçün sağlamlığında məhdudiyyət olan şəxslərin hər biri individual olaraq agentliyin reabilitasiya müəssisələrinə cəlb olunacaq. Əlilliyi olan şəxslər ehtiyac yaranarsa, 2021-ci ildə mühərrikli arabalar ilə də təmin olunacaqlar”.

Agentliyin sədri əlavə edib ki, artıq Vətən müharibəsi zamanı yaralanmış vətəndaşlardan ehtiyacı olan yeddi hərbçi yüksək texnologiyalı müasir protezlərlə, 9 nəfər təkərli araba ilə təmin edilib və ümumi reabilitasiya vasitələrinin sayı 1 221-dir.

C.Əbdül-Qədirov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri 8 mindən yuxarı ailəni ziyarət edib, onların sosial-məişət və tibbi ehtiyaclarını öyrənib.

Paylaş

 Xəbəriniz olsun