Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

  • SpaceTV
  • 28 Sentyabr 2019 15:35

Sentyabrın 28-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları “Nəsimi ili” və prokurorluq işçilərinin peşə bayramı münasibətilə ağacəkmə kampaniyası keçiriblər.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Son illər respublikamızda yaşıllıqların artırılmasına, yeni park və xiyabanların salınmasına diqqət artırılıb. Salınan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval-ruhiyyə yaradır. Əkilən ağaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. Azərbaycan Respublikası prokurorluq orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib təşəbbüsdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Ulu Öndərin əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlətimizin başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçiriblər.

Tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində – Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun Zığ qəsəbəsinin yaxınlığında bir hektar ərazidə mindən artıq müxtəlif növ ağac əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin əkilən ağacların mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Paylaş

 Xəbəriniz olsun