Prezident Vüsal Kərimlini qəbul etdi

  • SpaceTV
  • 18 Fevral 2020 18:31

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.

SPACE TV  xəbər verir ki, son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident deyib:

– Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.

Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.

Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.

Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir. Eşitmək istərdim ki, keçən il görülmüş əsas işlər nədən ibarət idi? Bu il neçə yeni avtobus gətiriləcək və şəhər nəqliyyatında hansı yeniliklər olacaq?

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib:

-Çox sağ olun, cənab Prezident. Keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq.

Eyni zamanda, məlumat üçün bildirim ki, bizim gətirdiyimiz yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Dünyanın bir sıra böyük şəhərlərində STQ ilə az sayda avtobus işləyir. Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda isə 3070 avtobusdan 239-u STQ ilə işləyir. Amma bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir. Daşıyıcılara da göstəriş verilib ki, STQ ilə işləyən avtobuslar gətirsinlər. Çünki benzinlə və dizel yanacağı ilə işləyən avtobuslar şəhərdə orta sürətlə hərəkət etdiyi üçün ətraf mühitə daha çox ziyan vurur.

Bu il üçün daha bir yenilik müxtəlif yerlərdə avtobuslar üçün habların yaradılması olacaq. Siz keçən ilin sentyabr ayında “Koroğlu” habının açılışında bu barədə tapşırıq vermisiniz.

Avtobus sürücüləri ilə bağlı əsas problemlərdən biri onların peşə hazırlığına və iş rejiminə daşıyıcılar tərəfindən ciddi nəzarət olunmamasıdır. Biz bu problemin üzərində işləyirik. Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və Siz onun açılışında iştirak etmisiniz. İndiyədək 2800-dən çox avtobus sürücüsü Mərkəzdə təlim keçib.

Paylaş

 Xəbəriniz olsun