Prezident İlham Əliyev: “Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən legitim hüquqdan məhrum olduq”

  • Space TV
  • 2 Sentyabr 2020 23:27

“Əməkdaşlığımıza mənfi təsir göstərən bir neçə məsələ olub. Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır”.
Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən belə deyib. Dövlətimizin başçısı Azərbaycanın enerji şirkəti SOCAR-ın Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşulduğunu deyib: “SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq Baş Naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində – 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın Baş Nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik. Lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq”. Prezident İlham Əliyev bu hadisənin  iki ölkə arasında artıq aşağı səviyyədə olan əlaqələrə ciddi təsir etdiyini söyləyib: “Lakin ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq. Biz, sadəcə olaraq, dedik yaxşı, əgər onlar bizi istəmirlərsə, əgər başqa şirkətlərin “DESFA”nın səhmdarları olmasına üstünlük verirlərsə, bu, onların hüququdur, biz bununla bağlı heç nə edə bilmərik. Lakin sizə deyə bilərəm ki, mən bu məsələni bir neçə dəfə Brüsseldə Avropa İttifaqının iki sabiq lideri ilə – cənab Barrozu və cənab Tuskla qaldırdım. Mən bu məsələni qaldırdım, çünki bu, 4 il davam etdi. Mən dedim ki, baxın, biz etimaddan danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa İttifaqının fəal şəkildə təbliğ etdiyi yeni saziş barədə danışırıq. Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə “yox” deyin, bizə “sizi istəmirik” deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil”. Dövlətimizin başçısı bu hadisənin çox məyusedici məsələ olduğunu deməklə iki ölkə arasında əlaqələrə ciddi təsir etdiyini vurğulayıb. Prezident İlham Əliyev Siriza hökuməti hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycanın əvvəlki Yunanıstan hökumətləri ilə çox yaxşı münasibətlərimizin  olduğunu da bildirib.

Paylaş

 Xəbəriniz olsun