Prezident İlham Əliyev: “Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”

  • Space TV
  • 31 Avqust 2020 20:31

“Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır”. Bunu Prezident İlham Əliyev   Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan bu gün açılışı baş tutan modul tipli hospitalının açılışı zamanı tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşdə deyib: “Biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”.

Dövlətimizn başçısı əlavə edib ki, Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb: “Ancaq böyük şəhərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq. Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

Paylaş

 Xəbəriniz olsun