Prezident İlham Əliyev: “Görülən işlər öz səmərəsini verir”

  • Space TV
  • 31 Avqust 2020 20:03

“COVID-lə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq”. Prezident İlham Əliyev   Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan bu gün açılışı baş tutan modul tipli hospitalının açılışı zamanı tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşdə belə deyib: “Bildirməliyəm ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb”.

Dövlətimizin başçısı bu gün açılan xəstəxanada 820-dən çox çarpayının  mövcud olduğunu deyib. Prezident İlham Əliyev eyni zamanda qısa müddət ərzində bu çarpayıların sayının 1500-ə qədər artırmasının mümkün olduğunu vurğulayıb: “Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri var. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmli rol oynayacaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılıb. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası – Yeni Klinika açılıb. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilib. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir.

Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər”.

Dövlətimizin başçısı görülən işlərin öz səmərəsini verdiyini, son həftələr ərzində COVID-lə mübarizədə vəziyyətin daha müsbət olduğunu deyib. Prezident İlham Əliyev həmçinin müşahidə olunan müsbət dinamikanın bundan sonra da qorunub saxlanacağına ümid etdiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun