Prezident İlham Əliyev: “Bəzi rayonlarda sahibkarlar incidilir”

  • Space TV
  • 24 Avqust 2020 16:27

“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz”. Spacetv.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Sahibkarlığın inkişafının  ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olduğunu deyən dövlət başçısı Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfinin ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığını  bildirib: “Siz də sahibkarlara dəstək olmalısınız. Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir”.

Prezident İlham Əliyev yeni icra başçılarının rəhbərlik etdikləri  rayonlara sərmayə qoyulması üçün çalışmalı olduqlarını deyib: “Həm yerli, həm də xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz”.

Paylaş

 Xəbəriniz olsun