Prezident: “Ərazilərin minalardan təmizlənməsi üçün bir neçə şirkətlə danışıqlar aparırıq”

  • Space TV
  • 26 Fevral 2021 12:54

Biz minalardan təmizləmə yolunun əvvəlindəyik. Bir neçə min hektar əraziyə baxdıq. Tapşırığımla istehkam avadanlıqları təşkil olundu. Eyni zamanda mənim fərmanımla minalardan təmizlənmə işini gücləndirmək üçün Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı”.

Spacetv.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Minatəmizləmə Agentliyinin fəaliyyətinin səmərəli təşkili üçün 100 milyon manat ayrılıb.

“Eyni zamanda müasir avadanlıqlar – robot cihazlar alınıb”, – deyə Prezident əlavə edib.

Ölkə başçısı qeyd edib ki, Türkiyədən 100-dən çox istehkamçı Azərbaycana gəlib. Bununla yanaşı Rusiyadan da gələnlər var.  

İlham Əliyev onu da bildirib ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bir neçə şirkətlə danışıqlar aparılır:  

“Onlar bu istiqamətdə böyük təcrübəyə malikdirlər. Danışıqlar bitməyib, bəzi məqamları razılaşdırırıq. Biz mümkün olan bütün imkanlardan istifadə edəcəyik” – deyən Prezident əlavə edib ki, minalardan təmizlənəcək ərazilər çox böyükdür: “Buna görə də istəyirik ki, yerli şirkətlər də prosesdə iştirak etsinlər”.

Rusiya şirkətlərinin bərpa işlərində iştirakına gəlincə, İlham Əliyev deyib ki, Rusiya-Azərbaycan dost ölkələrdir.

“Ona görə də Rusiya şirkətləri də bu prosesə cəlb olunacaq və düşünürəm ki, Rusiya şirkətləri özləri artıq buna maraq göstərə bilərlər”.

Paylaş

 Xəbəriniz olsun