Prezidentə yazırlar: “Xalqımıza bəxş etdiyiniz sevincli anlara görə Sizə dərin minnətdarlığımızı bildiririk”

  • SpaceTV
  • 1 Oktyabr 2020 14:03

Son günlər cəbhədə baş verən döyüşlər, Azərbaycanın haqq işi ilə əlaqədar  həm Azərbaycan vətəndaşlarından, həm də ölkə xaricindən Prezident İlham Əliyevə dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar. Spacetv.az bu məktubların bəzilərini təqdim edir.

Ağayar İsmayılovdan

Möhtərəm cənab Prezident.

Ali Baş Komandan kimi rəhbərliyinizlə torpaqlarımızın yağı düşməndən azad edilməsinə başlanması biz yaşlı nəslin nümayəndələrini də ürəkdən sevindirir. İnanırıq ki, uzun illərdən bəri istər ölkəmizin inkişafı, istərsə də ordu quruculuğu istiqamətində yorulmaz fəaliyyətiniz artıq öz bəhrəsini verdi.

Dəfələrlə vurğuladığınız kimi xalqımızın haqq işi Qələbə çalacaq. Siz zəfər bayrağını Şuşada, Laçında və digər azad olunacaq torpaqlarımızda ucaldacaqsınız. Bu taleyüklü məsələnin həlli naminə yorulmaz fəaliyyətiniz xalqımızı bir daha ətrafınızda səfərbər edərək daha da sıx birləşdirdi.

Sizinlə qürur duyur, fəxr edirik. Xalqımıza bəxş etdiyiniz sevincli anlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Qəti inanırıq ki, rəhbərliyinizlə ordumuzun həyata keçirdiyi bu müqəddəs iş nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin olunacaq. 30 ildən çox bir müddətdə ata-baba yurdlarının həsrəti ilə yaşayan köçkünlər öz doğma evlərinə dönəcəklər.

Allah bu müqəddəs işdə Sizə yar olsun.

Hörmətlə,

İsmayılov Ağayar Soltan oğlu

Laçın rayon Ağsaqqallar Şurasının sədri

Azərbaycan Respublikası, Laçın rayonu.

Bəhlul Hüseynovdan

Möhtərəm cənab Prezident.

Düşmən təxribatına əks hücumla cavab verilməsi haqqında ali əmrinizi dəstəkləyirəm. Gün olsun ki, xalqımıza Qələbə müjdəsi verəsiniz. Xalq Sizi alqışlayır. Sevincdən gözlərimiz dolub.

Yaşlı olmağıma baxmayaraq, mən də Ordumuza bu dar gündə kömək etmək istəyindəyəm. Müəllim kimi cəbhədə yaxşı təbliğatçı ola bilərəm. Əmr olduğu halda, cəbhəyə getməyə hazıram.

Hörmətlə,

Hüseynov Bəhlul Baloğlan oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Sinovli kəndi.

Əbdül Təhməzovdan

Hörmətli cənab Prezident.

Sizin bu uğurlu işlərinizi bütün Azərbaycan dəstəkləyir. Cəbhə bölgəsində əldə olunan uğurlar uzun illər ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Əsgərlərimizin və xalqımızın döyüş ruhuna və birliyinə heyran qalmışam. Bunun sayəsində biz hələ çox uğurlar əldə edəcəyik.

Allah Sizə və bütün ailə üzvlərinizə uzun ömür versin.

Hörmətlə,

Təhməzov Əbdül Məhəmməd oğlu

Azərbaycan Respublikası, Beyləqan rayonu, İmamverdili kəndi.

Arif Karadurakoğludan

Hörmətli cənab Prezident.

Türkiyədəki qardaşlarınızdan biri olaraq haqq mübarizənizi dəstəkləyir, yeni uğurlar diləyir, bu mübarizənizdə maddi, mənəvi dəstəkdən başqa canımla da Sizlərlə bir sırada olduğumu şərəflə bildirirəm.

Allah yar və yardımçınız olsun.

Hormətlə,

Arif Karadurakoğlu

Türkiyə Respublikası, Kocaeli şəhəri.

Paylaş

 Xəbəriniz olsun