Premyer Liqanın bombardiri millimizdən imtina səbəbini açıqladı

  • Space TV
  • 11 Yanvar 2021 14:51

“Karyeramı Avropada davam etdirmək istəyirdim. Amma şərtlər məni “Maşinsazi”yə qayıtmağa məcbur etdi. Çünki klubla müqaviləm var idi”.

Spacetv.az-ın məlumatına görə, bunu “Sumqayıt” klubunun sabiq futbolçusu Peyman Babayi “ion.ir” nəşrinə açıqlamasında “gənclik şəhəri” təmsilçisindən ayrılması barədə danışarkən deyib.

Hazırda İranın “Maşınsazi” klubunda çıxış edən 27 yaşlı hücumçu bildirib ki, “Sumqayıt”da ikən ona 2 dəfə Azərbaycan millisindən təklif gəlib: “Amma mən razılaşmadım. Çünki bütün iranlı futbolçular kimi öz yığmamıza dəvət almağı gözləyirəm. AFFA-nın təklifini qəbul etməməyimin səbəblərindən biri budur. Düzdür, hazırda İran millisində hücum xətti üçün seçim genişdir. Amma yığmaya çağırılacağıma ümid edirəm”.

“Sumqayıt”da oynayan həmyerlisi Əli Qurbaninin Azərbaycan vətəndaşlığı almasına münasibət bildirən Babayi 31 yaşlı forvarda uğurlar arzulayıb: “Əlbəttə, özümü Qurbaninin yerinə qoya, onun qərarını şərh edə bilmərəm. Futbolçuya, sadəcə, uğurlar arzu edə bilərəm”.

Qeyd edək ki, 2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək “Sumqayıt”da icarə əsasında çıxış etmiş Peyman Babayi ötən mövsüm 7 qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olub.

Paylaş

 Xəbəriniz olsun