Piyada keçidlərində sarı döyünən işıq lampaları quraşdırılır – VİDEO

  • Space TV
  • 25 Avqust 2020 15:49

Bakı Nəqliyyat Agentliyi  tərəfindən küçə və prospektlərimizdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib. Bu barədə spacetv.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev məlumat verib. Agentlik rəsmisinin sözlərinə görə, ilkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub:  “Artıq M.Mehdizadə və S.Orucov küçələrində quraşdırma işləri yekunlaşıb. Niyə bu  küçələrdə quraşdırılıb?  Çünki, bu küçələrdə yol hərəkətinin təşkili və nişanların quraşdırılması ilə bağlı bir sıra mühüm dəyişikliklər olub.  Bu dəyişikliklər çərçivəsində də sarı döyünən işıqlar quraşdırılıb. Bundan sonrakı mərhələdə,  yəni, 100 ədəd sarı döyünən işıqlar quraşdırıldıqdan sonra bizim mütəxəssislər tərəfindən təkrar təhlillər aparılacaq. Təhlillər xüsusən şəhərdən kənar ərazilərdə aparılır”.

Mais Ağayev əlavə edib ki,  vətəndaşlar tərəfindən müraciətlər daxil olarsa, bu müraciətlər əsasında küçə və prospektlərdə bu cür sarı döyünən işıqlardan quraşdırılacaq: “Sarı döyünən işıqlar olduqdan sonra artıq sürücü  piyada keçidini daha uzun məsafədən görə biləcək. Eyni zamanda, piyadalar da günün qaranlıq saatlarında piyada keçidlərinin olduğu yeri daha aydın görə biləcəkdir. Nəticə etibari ilə  bu, piyadaların təhlükəsizliyinin maxsimum təmin olunması deməkdir”.

Bundan başqa BNA rəsmisi  Bakıda piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ikikomponentli boyalardan istifadə ediləcəyini də deyib:  “Artıq Bakı şəhərində ikikomponentli boyaların tətbiqinə başlanılıb. Xüsusilə də, işıqlandırmanın bir qədər zəif olduğu və daha çox piyada ölümlərinə şahid olduğumuz küçələrdə sınaqdan keçirilib. Söhbət Sabunçu-Zabrat yolu şəhər şosesi adlanan ərazidən gedir.  Həmin ərazidə artıq ikikomponentli boyalardan istifadə olunub. Bu boyaların işıq qaytarıcılıq qabiliyyəti daha yüksəkdir. Siz bilirsiniz ki, piyada təhlükəsizliyini artırmaq məqsədilə işıqforların ətrafında nizamlanan piyada keçidlərinin işıqlandırılması ilə bağlı işlər həyata keçirilib. Pilot lahiyə olaraq Puşkin- Zərifə Əliyeva küçələrinin kəsişməsində işıqforun işıqlandırılması tətbiq olunub. Hazırda bu işlərin ətraf kənd və qəsəbələrdə də  tətbiq olunması istiqamətində iş aparılır. Həmin ərazilərdə piyada təhlükəsizliyinin səviyyəsinin artırılması olduqca zəruridir”.

Əbülfət Baxşəliyev, spacetv.az

Paylaş

 Xəbəriniz olsun