Pilot layihələr necə icra edilir?

  • SpaceTV
  • 10 Sentyabr 2019 12:52

Köhnə, qəza vəziyyətində olan evlər sökülür, yerində müasir göydələnlər inşa edilir. Yeni evlər inşa edilənə kimi, sakinlər müvəqqəti kirayə haqqları ilə təmin edilir. Lakin bəzi vətəndaşların tələbləri yüksək olduğundan işlər yubanır.

Bakının baş planının yenilənməsində pilot layihələr mühüm rol oynayır. Köhnə, yöndəmsiz yaşayış tikililərin yerini müasir göydələnlər alır. İnsanlar şəraitsiz, rütubətli evlərdən qurtularaq modern və komfortlu mənzillər ilə təmin edilirlər. Lakin bu layihələrin icrası zamanı bir sıra əngəllər ortaya çıxır. Vətəndaşlar söküləcək evlərinin sahəsindən dəfələrlə böyük mənzillər tələb edirlər. Tikinti şirkəti ilə razılığın əldə edilməsi isə, bəzən aylarla vaxt aparır. Nəticədə həm tikinti yubanır, həm də inşaat şirkətinə xeyli maddi ziyan dəyir.

Qaydalara əsasən, vətəndaşlar sökülən evlərin sahəsindən  20-30 faiz geniş mənzillərlə təmin edilirlər. Qarşıya çıxan əngəllərdən biri də mənzillərin bir neçə şəxsin arasında bölünməsidir. Həmin şəxslər 1 mənzillin verilməsinə razı olmurlar. Nəticədə iş hakim qarşısına kimi gedib çıxır. 

İnşaat üzrə ekspert Azər Məmmədov da bu istiqamətdə əngəllərin olduğunu bildirir. Ekspert qeyd edir ki, pilot layihələrin icraçılarına dövlət tərəfindən də yüksək qayğı göstərilir.

Hazırda icra edilən pilot layihələrlə yanaşı, paytaxtda daha 17 qəzalı yaşayış binasının da sökülməsi ilə bağlı qərar verilib. Həmin binaların da yerində müasir göydələnlər inşa ediləcək.

Cəfər Talıb, Samir Göylərli, Space.

Paylaş

 Xəbəriniz olsun