Paytaxt meriyasının layihəsinə daha bir rayon qoşuldu – FOTO

  • Space TV
  • 19 Fevral 2021 16:38

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına paytaxtın Nərimanov rayonundan sonra Nizami rayonunda da start verilib. 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

İlk növbədə Nizami rayonu ərazisində 380 ədəd konteyner meydançası yaradılaraq yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub. Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən ictimai birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər. 

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırır. Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.

Bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələrinin və mexanizmlərin alınmasına başlanılıb. Artıq 57 ədəd belə texnika alınaraq istifadəyə verilib. 

Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.

Paylaş

 Xəbəriniz olsun