Parlament seçkilərində səsvermə başladı

  • Space TV
  • 9 Fevral 2020 08:33

Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar səsvermə başlayıb.

SPACE TV xəbər verir ki, yerli vaxtla saat 08.00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

M.Pənahov Milli Məclisə seçkilərin 125 dairə üzrə 5573 seçki məntəqəsində keçirildiyini, 1000 məntəqədə, yəni məntəqələrin 20 faizində veb-kameraların quraşdırıldığını nəzərə çatdırıb: “5 milyon 329 min 460 nəfər Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edə biləcək. Seçkidə 1314 namizəd mübarizə aparır”.

MSK sədri qeyd edib ki, seçkidə müşahidə aparmaq üçün 883 beynəlxalq, 77 min 790 yerli müşahidəçi qeydiyyatdan keçib.



Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Paylaş

 Xəbəriniz olsun