Pandemiya xəstəxanasının həkimi: “Koronavirus qar topası kimi böyüyür” – MÜSAHİBƏ

  • SpaceTV
  • 2 İyul 2020 12:24

Mərkəzi Gömrük Hospitalının bütün bölmələri kimi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi də gücləndirilmiş rejimdə işləyir. Pandemiya xəstəxanasının Reanimasiya şöbəsi xəstələrlə dolu olduğu üçün bu gün müəssisə yalnız xəstəliyi orta-ağır olanları qəbul edir. Qeyd etmək lazımdır ki, hospitalda boş çarpayı, demək olar ki, yoxdur, çünki müalicə olunan xəstələrin yeri dərhal yeni yoluxanlarla dolur.

 space tv Mərkəzi Gömrük Hospitalının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri, Dövlət Gömrük Komitəsinin tibb xidməti mayoru Rəna Qasımovadan müsahibə alıb.

– Pandemiya dövründə Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi necə işləyir?

– Bu gün Mərkəzi Gömrük Hospitalının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi gücləndirilmiş rejimdə işləyir. Dərhal qeyd etmək istəyirəm ki, şöbəmiz bu iş üçün lazım olan bütün müasir tibbi avadanlıqlarla və dərmanlarla təmin edilib. Onu da bildirim ki, pandemiyanın elan olunduğu ilk gündən xəstəxanamızın həkimləri və təcili yardım maşınları ən qaynar nöqtələrdə – aeroportda, Astara və Biləsuvardakı postlarda növbədə idi, xaricdən gələn potensial infeksiya daşıyıcılarını yoxlayır və qeyd edirdik. Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanasına çevrilməzdən əvvəl bütün tibbi heyət koronavirus infeksiyası olan xəstələrə yardım və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq təlimlərdən keçiblər.

– Təcili yardım otağı neçə xəstə üçün nəzərdə tutulub?

– Şöbədə altı çarpayı var; daha bir yer kritik xəstələr üçün nəzərdə tutulub. Şöbəmizdə defibrilyator, ağciyərlərin süni ventilyasiyası (ASV) cihazları və intubasiya üçün lazım olan avadanlıqlar mövcuddur. Vəziyyəti ağır olan xəstə bizim şöbəyə daxil olsa, reanimasiyaya köçürülməzdən əvvəl ona təxirəsalınmaz yardım göstərilir.

– Ağır xəstə reanimasiyaya köçürülməzdən əvvəl şöbənizdə, ümumiyyətlə, nə qədər vaxt keçirir?

– 10-15 dəqiqə, sonra reanimasiyaya köçürülür. Xəstənin vəziyyəti imkan verərsə, ilk mərhələdə döş qəfəsinin kompüter tomoqrafiyası aparılır və analizlər götürülür. Yalnız bundan sonra xəstəxanaya yerləşdirilir. Qeyd edirəm ki, hazırda reanimasiya və intensiv terapiya şöbəsi xəstələrlə tamamilə doludur.

– Tibbi müəssisənizə gündə neçə pasiyent daxil olur?

– Fərqlidir. Məsələn, dünən, təkcə iki növbədə (12 saat) xəstəxanaya 16 nəfər gətirildi. Bizim vəzifəmiz triaj aparmaq, lazım olduqda təxirəsalınmaz yardım göstərmək və bu xəstələri xəstəxanadakı həmkarlarımıza yönləndirməkdir.

– Şöbənizdə neçə nəfər işləyir?

– Şöbəmizdə 20 işçi – yeddi həkim, 10 tibb bacısı və bu gün paramedik kimi işləyən üç sürücümüz var.

– Bəs hər növbədə neçə həkim iştirak edir?

– Bir həkim, iki tibb bacısı, bir sanitar və ya sürücü (vəziyyətdən asılı olaraq).

– Xəstələri sizin yanınıza dövlət təcili yardım maşınları gətirir?

– Bəli, xəstələr yalnız “103” xidməti vasitəsilə bizə gəlirlər. Koronavirus üçün PZR testinin müsbət nəticəsi, yaxud kompüter tomoqrafiyası ilə ağciyərlərin “tutqun şüşə” tipi üzrə zədələndiyini təsdiqləyən sənədi varsa, vətəndaşı qəbul etmək hüququmuz var. İstənilən halda, hər belə xəstənin qəbulu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə razılaşdırılır.

– COVİD-19 koronavirusunun mövcudluğuna inanmayanlara nə deyərdiniz?

– Yoluxmuş insanların sayının çoxluğuna, xəstəxana və hospitallarda yerlərin çatışmazlığına baxmayaraq, başımızın üstündən asılan təhlükəyə hələ də inanmayanlar var. Ancaq bu xəstəlik artıq çoxlarına təsir edib və qar topası kimi böyüyür. Xahiş edirəm, özünüzə və yaxınlarınıza qarşı diqqətli olun! Ünsiyyət qurduğunuz insanların sağlamlığına və həyatına hörmət edin! Maska taxın, məsafəni qoruyun! Özünüzü, uşaqlarınızı və valideynlərinizi sevin, məsuliyyətsizliyinizə görə bu xəstəlik onlara təsir edə bilər!

Paylaş

 Xəbəriniz olsun