Pandemiya dövründə SOCAR-da qanvermə aksiyası davam edir

  • Space TV
  • 22 Aprel 2020 14:09

Ölkənin ictimai həyatında daim fəallıq göstərmiş Azərbaycan neft sənayesi işçiləri bu gün də koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdə yaxından iştirak edir, birlik və həmrəylik nümayiş etdirirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdəki irsi qan xəstələrinin, o cümlədən qana ehtiyacı olan insanların probleminin həlli üçün qanvermə kampaniyası keçirilməsi haqqında təşəbbüsünə qoşulan SOCAR-ın 350 nəfərədək əməkdaşı bu həftə qan verib.

SOCAR-dan SPACE TV-a bildirilib ki, bu dəfə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə şirkətin “Azərikimya” İstehsalat Birliyində keçirilmiş aksiyanın davam etdirilməsi nəzərdə tutulur. Növbəti günlərdə bu nəcib aksiyaya SOCAR-ın digər bölmələrinin əməkçiləri də qoşulacaqlar.

Qeyd edək ki, Heydər Əliyev Fondu 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. SOCAR 2009-cu ildən bu xeyirxah təşəbbüsə dəstək verir. 2015-2019-cu illərdə şirkətin bütün idarələrinin iştirak etdiyi aksiyalarda 11 min çox neftçi donorluq edib. Ötən ilin noyabrından başlamış növbəti qanvermə aksiyasına isə bu günədək 1000-dən çox neftçi qoşulub.

Paylaş

 Xəbəriniz olsun