Pandemiya dövründə məişət zorakılığı ilə bağlı statistika açıqlanıb

  • SpaceTV
  • 25 Sentyabr 2020 17:14

2020-ci ilin iyunun 17-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan ərizələrin sayı məlum olub.

Dövlət Komitəsindən Spacetv.az-a bildirilib ki, qeyd olunan tarixədək 98 məişət zorakılığı ilə bağlı ərizə daxil olub.

Bildirilib ki, rayon icra hakimiyyətlərindən məişət zorakılığı ilə bağlı 50 cavab məktubu qeydə alınıb, cavab məktublarının əsasında 3 mühafizə orderi verilib.

300-dən çox vətəndaşa həm Komitənin facebook səhifəsi, həm də telefon danışıqları vasitəsilə müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilib və aidiyyəti müraciətlər müvafiq orqanlara yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində məişət zorakılığı ilə bağlı 646 cinayət hadisəsi qeydə alınıb. Bu da həmin müddətdə qeydə alınan cinayət hadisələrinin 4,9 faizini təşkil edir.

Qeyd olunub ki, bu, əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 4,7 faiz azdır.

Rəsmi statistikaya əsasən, məişət zorakılığı ilə bağlı cinayətlərin 6,3 faizi sərxoş vəziyyətdə törədilib.

Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 5,2 faiz azalaraq 663 nəfər olub. Onların da 77,1 faizini qadınlar, 1,4 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edir.

Qeyd edək ki, dünyanın əksər ölkələrində pandemiya dövründə məişət zorakılığı hallarının sayı artıb.

Bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Lənkəran iqtisadi rayonu üzrə 1,5 dəfə, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 30,8 faiz, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 20 faiz, Aran iqtisadi rayonu üzrə 11 faiz, Bakı şəhəri üzrə 8,7 faiz, Abşeron iqtisadi rayonu üzrə 2,4 faiz azalma, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 2 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 37 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 30,9 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 7,7 faiz artım müşahidə olunub.

Paylaş

 Xəbəriniz olsun