Pambıqçılıqda yeni üsul və texnologiyalardan istifadə edilir

  • Space TV
  • 23 Aprel 2020 14:51

Pambıqçılıq kənd təsərrüfatının ənənəvi əmək tutumlu, eyni zamanda məhsul istehsalı baxımından gəlir verən bir istehsal sahəsidir. Cənab Prezidentin rəhbərliyi ilə “Pambıqçılıq mövsümünün yekunları, 2020-ci ildə görüləcək tədbirlərlə bağlı” keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi qarşısında tapşırıq qoyulub ki, pambıqçılığın, texnologiyanın, innovasiyaların genişləndirilməsində tədbirlər həyata keçirilsin. Nazirlik bu istiqamətdə müxtəlif ölkələrin təcrübəsini araşdıraraq ötən təsərrüfat ilində Çin, yunan və türk texnologiyaları ilə pambıq əkini həyata keçirib. Əkin prosesi ölkənin müxtəlif bölgələrində, o cümlədən, Ucar rayonunda da baş tutub. Burada Çin texnologiyası ilə 10 hektar sahədə pambıq əkilib. Ucar rayonunun torpaqlarında münbit gösəricilər aşağı olduğundan yeni texnologiyaların tətbiqi bu ərazilərə cəlb edilib və qısa bir zaman içində bol məhsuldarlıq özünü göstərib.

Ötən təsərrüfat ilində əkilən sahə 6 tondan yuxarı məhsul verib. Rayon üzrə orta məhsuldarlıq 7.4 sentner olmuşdu. Bu cür ağır torpaqlarda məhsuldarlığı artırmaq üçün Çin texnologiyası ilə bu il də yenidən pambıq əkini həyata keçiriləcək. Ötən il əkin üçün 10 hektar nəzərdə tutulmuşdusa, bu il bu rəqəm 20 hektara çatdırılıb. Qeyd edək ki, ötən il Çin texnologiyasının istifadəsində Çindən gələn mütəxəssislər də iştirak edirdisə, artıq bu ildən həmin texnologiyalardan öz mütəxəssislərimiz sərbəst şəkildə istifadə edə biləcəklər.

Qeyd edək ki, artıq həmin ərazidə  müasir üsullarla səpin işlərinə başlanılıb. Yaxın günlər ərzində əkin üçün nəzərdə tutulmuş növbəti ərazilərdə proses davam etdiriləcək. Hal-hazırda sahələrdə işləyən aqreqatlar da Çindən gətirilib və 4 qat üstünlüyə malikdir. Bu isə o deməkdir ki, sözügedən texnikalar bir gedişdə 4 işi həyata keçirə bilir. Bu da texnikanın torpağı zədələməsinin qarşısını alır və məhsuldarlığı, demək olar ki, birə dörd artırır.

Vahid Fəxri SPACE TV

                                                                                                    

Paylaş

 Xəbəriniz olsun