Pambıq yığımına başlanılıb

  • SpaceTV
  • 26 Sentyabr 2019 14:32

Neftçala rayonunda min bir zəhmətlə hasilə gətirilən “Ağ qızıl”ın artıq pambıqyığan maşınlarla yığımına start verilib. Bu il rayonda əkilən 5 min 87 hektar sahənin 90 faizi texnika vasitəsi ilə yığılması nəzərdə tutulub.

Texnika ilə pambıq yığımına ilkin olaraq Neftçalanın Xol zonasından start verilib. Havaların əlverişli keçməsindən istifadə edən təsərrüfat sahibləri zəhmətlə hasilə gətirdikləri məhsulu tez və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbərliyə alıblar.

Qeyd edək ki, bu il rayon üzrə 5 min 87 hektar sahədə pambıq əkilib. Texnika ilə məhsulu toplamaq üçün hələlik 3 min hektardan çox sahədə defolfasiya işləri aparılıb. Bu proses yenə də davam etdirilir. Qabaqcıl pambıq ustası Əlibala Səlimov da cari mövsümdə 30 hektarda pambıq əkib.  Ötən il hər hektardan 58 sentner məhsul götürən əmək ordenli bu il hər hektardan 60 sentner məhsul götürmək niyyətindədir.

Bu il pambıq ustası məhsul yığımını texnikaların vasitəsi ilə həyata keçirəcək. Texnika ilə yığılan məhsulun maya dəyəri əllə yığımından xeyli aşağı olduğunu deyir.

Pambıq ustası gələn il mintonçuluq hərəkatını da həyata keçirmək arzusundadır.

Hazırda rayonda pambıq tarlalarına 23 pambıqyığan maşın cəlb olunub. Gün ərzində 350-400 ton “ağ qızıl” istehsal olunaraq tədarük məntəqəsinə təhvil verilir. Yığım başlanan gündən isə indiyədək rayon üzrə 1400 tona yaxın məhsul istehsal edilib. Pambıq tarlaların 90 faizi pambıqyığan maşınlarla yığılması nəzərdə tutulub.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu Space Neftçala

Paylaş

 Xəbəriniz olsun