Pambıq suvarılır

  • Space TV
  • 9 İyun 2020 17:53

Təbiətin şıltaqlığı əkin-biçinlə məşğul olan neftçalalıları çətin durumda saxlayıb. Belə ki, Kürdə suyun azalması, Xəzər dənizinin də külək vasitəsi ilə  çayın aşağı axınına qovuşması vəziyyəti bir qədər də çətinlədirib. Buna baxmayaraq artıq bir neçə gündür ki, rayonda pambıq tarlalarının ilkin suvarılmasına başlanılıb. Təsərrüfat sahibləri Kürdə yaranmış vəziyyətlə əlaqədar suvarma zamanı suya qənaət etməklə israfçılığın qarşısını almağa səy göstərirlər. Rayonun Kürqarabucaq kəndində 20 ildən çox pambıqçılıqla məşğul olan İmaməddin Dadaşov da suvarma zamanı su itkisinə yol verilməməsi üçün nəzarəti daha da gücləndirib. O, bu mövsümdə 30 hektar sahədə pambıq əkib.

Birinci suvarmadan öncə bitkilər seyrəldilib, sahələrdən alaq otları təmizlənib, cərgələrarasına bir neçə dəfə kultivasiya çəkilib. Torpaq sahibi Zabit Dadaşov da çəkdiyi əziyyətin bəhrəsini görüncə bu il sahələrdən bol məhsul götürəcəyinə ümidlidir.

Təsərrüfat sahiblərinin sözlərinə görə, təbiət onları nə qədər sınağa çəksə də, tarlalarda bol məhsul yetişdirməklə bu sınaqdan da alnıaçıq, üzüağ çıxmağa çalışacaqlar. Qeyd edək ki, bu il Neftçala rayonunda 6 min hektara yaxın sahədə pambıq əkini həyata keçirilib.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun