Pambıq sahələrinin güzəştli sığortasına başlanılıb: Şərtlər, məbləğlər – FOTO

  • SpaceTV
  • 26 Yanvar 2021 10:48

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Aqrar Sığorta Fondundan verilən məlumata əsasən, artıq fermerlər və iş adamları 2021-ci ildə pambıq sahələrinin sığortalanması üçün indidən müraciət edə bilərlər.

Pambıq sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Qaydalara əsasən, hesablama aparılması üçün pambığın bir hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Qaydalara görə, aqrar sığorta çərçivəsində pambığın sığortalanması üçün iki sığorta zərfi təklif edilir. Bunlardan birincisi – əksər riskləri əhatə edən “baza zərfi”, digəri isə əlavə riskləri əhatə edən zərfdir. Birinci – “baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf pambığı dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətlərinin nəticələrindən sığorta edir. İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf pambığı bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərinin nəticələrindən siğorta edir.

Bu sığorta zərflərinin seçilməsi fermer və ya pambıq sahəsinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.

Pambığın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

Pambıq sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək. Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.

Pambıq sahələrinin sığortalanması üzrə müraciətlərin qəbulu aprelin 20-dək davam edəcək. Aprelin 20-dən mayın 20-dək olan dövrdə edilən müraciətlər zamanı isə pambıq sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Paylaş

 Xəbəriniz olsun