Palcıq vulkanları

  • SpaceTV
  • 31 Avqust 2019 14:20

Azərbaycan palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Bu unikal regionda palçıq vulkanlarının sayı 400-ə qədərdir və bu  planetimizdə olan palçıq vulkanlarının yarısını təşkil edir. Salyanda da belə vulkanların sayı çoxdur. Bu vulkanlar yalnız rayonun Bəndovan dağında yerləşir.

Şirvan Milli parkındakı palçıq vulkanlarını görmək üçün gərək ki, mütləq yolları tanıyasan, marşurt xətlərini düzgün seçəsən. Bundan sonra əziyyət çəkib Bəndovan dağının düz üstünə çıxasan. Buradan Xəzər dənizini, vəhşi təbiətin səssiz ətrafını, hətta Çigil adasını görmək mümkündür. 122 hektar ərazidə paylanan palçıq vulkanları. Bu vulkanlar illərdir beləcə qaynayaraq, yerin təkindən çölə sanki nələrsə pıçıldayır.

Bəndovan bir növ palçıq vulkanlarının diyarıdır. Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 km cənub-qərbdə, dəniz sahilində yerləşir. Dağın şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanıb. Burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda qrifonlar və salzalar qrupu var. Bəzi salzaların diametri 1-2 m-dir. Vulkan brekçiyası sahəsi 118 hektar, orta qalınlığı 35 m, həcmi isə 412 mln m3-dur. Buradakı vulkanlar bir neçə dəfə püskürüb. Hazırda isə sakit rejimdə öz həyatını yaşayırlar. Bəndovan palçıq vulkanının tarixi özü kimi qədimdir.

Palçıq vulkanlarının bir qismindən duzlu su, birindən neft, qaz, təmiz mineral qarışıq çıxan maye, həm də minlərlə mikroorqanizmlərlə zəngindir. Mütəxəssislərin fikrincə, buradakı palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və yüzlərlə insan orqanizmi üçün əhəmiyyətli olan minerallar var. Bəndovan Palçıq Vulkanı təkcə müalicəvi tərəfdən gərəkli deyil. Bura həm də turizm məkanı üçün əlverişlidir. Məhz bu səbəbdən ərazini turizm yeri kimi görmək hər kəsin arzusudur.

Minillik tariximizin dərinliklərindən sanki bizə nələrsə deyən palçıq vulkanları diyarı olan Bəndovan dağının əsrarəngiz gözəlliyi və sehrli gizliliyindən ayrılıb geri qayıtmaq heç də asan deyil. Ən azından ona görə ki, buranın hər tərəfində əcdadlarımızın izi var. İllərdir təmənnasız bizə qədim tarix və təbii müalicə vəd edən Bəndovan palçıq vulkanı niyə də turizm zonası olmasın? Həm də 23 milyon geoloji yaşı olan bir ərazi.

Təyyar Nəsirli – Vüqar Qalboğlu – Space

Paylaş

 Xəbəriniz olsun