Öz yurdunda əsir həyatı yaşayanlar

  • Space TV
  • 18 May 2020 12:35

Bəli, 6 ildir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev əsirlikdədir. İşin ən acınacaqlı tərəflərindən biri də onların bu həyatı öz ata-baba torpaqlarında yaşamasıdır.  Həmin vaxtdan günümüzə qədər, elə indi də onların əsir həyatından xilas edilməsi istiqamətində işlər aparılır. Əsirlərin geri qaytarılması istiqamətində aparılan işlər çərçivəsində əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb.

Lakin Ermənistan tərəfi  Azərbaycanın təklif etdiyi girovların “hamının hamıya” prinsipi əsasında mübadiləsinə əməl etməkdən yenidən boyun qaçırıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna NaqdalyanIN AÇIQLAMASINDAN məlum olub. O, əvvəlki kimi yenə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qəsddən adam öldürmələrini bəhanə gətirərək onların azad olunmasından imtina etdiklərini vurğulayıb.     

Qeyd edək ki, əsirlərimizdən sonuncu dəfə məktub yanvar ayında gəlib. Qondarma rejim tərəfindən ömürlük həbs cəzasına məhkum olunan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov bildirdi ki,  əvvəlki məktubların məzmunu geniş olsa da Dilqəm Əsgərov son zamanlar çox qısa məktub  yazır.

Sahib Əsgərov bildirir ki, bir neçə gün öncə verilən məlumata görə gələn həftə Qırmızı Xaç komitəsi əsirlərimizlə görüşə gedəcəklər.

Sahib əsgərov həmçinin bildirdi ki, onların görüşdürülməsi üçün dəfələrlə müraciət etsə də bu müraciətlər cavabsız qalıb. Xatırladaq ki, 2014-cü ildə azərbaycanlı mülki şəxslər  Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun