“Öz əlinizlə özünüzü təhlükəyə atmayın” – VİDEO

  • Space TV
  • 26 Avqust 2020 20:53

“Bizim dinimiz insanın sağlamlığının qorunmasını bir vəzifə hesab edir və “Quran”da da qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bu “Quran”ın çağırışıdır”. Bunu Spacetv.az saytına açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.  Din xadimi inanclı insanlarımızın da mövcud vəziyyəti anlayışla qəbul edib Məhərrəmlik günlərində, o cümlədən Aşurada kütləvi tədbirlər keçirməməyə çağırıb: “Hər il Aşura mərasimləri Azərbaycanda geniş şəkildə qeyd olunur. Bu il istisna olaraq qeyd olunmayacaq. Bu məsələdə  insanlar şəraiti düzgün dəyərləndirməlidirlər. İnşallah ümid edirik ki, bu virusa əlac tapılacaq və bundan sonra həyat normal axarına qayıtdıqda insanlar yenidən dini ayinləri məsciddə kütləvi şəkildə qeyd edəcəklər. Bu xəstəliyə yoluxma məsuliyyətini insanlar öz üzərinə götürə bilməzlər. Çünki bu Allah qarşısında da böyük günahdır, qanunların da pozulması deməkdir”.

Hacı Şahin bu qənaətdədir ki, din xadimləri canlı yayımlar vasitəsilə insanlara müraciət etməlidirlər. Mömin vətəndaşlarımız da  o ayinlərə öz evlərindən qoşula bilərlər:

 “Ramazan ayı, Həcc ziyarəti zamanı da biz pandemiya şəraitində olduq. Ramazan ayında da məscidlərdə kütləvi tədbirlər keçirilmədi, bayram namazı qılınmadı. Ondan başqa Qurban bayramı namazıda kütləvi şəkildə qılınmadı. Həcc ziyarəti demək olar bu il təxirə salındı. Yəni, fors-major şəraitində yaşayırıq. Hazırda Azərbaycanda kütləvi tədbirlərin keçirilməsi qadağandır. Çünki, insanların bir araya gəlməsi, toplaşması yoluxma riskini artırır. Bu səbəbdən Məhərrəmlik ayıyla bağlı mərasimlər də məscidlərdə kütləvi şəkildə qeyd edilməyəcək”.

Din xadimi insanlara çağırış da edib:  “Çağırış edirik ki, insanlar öz evlərində olsunlar. Aşura günü qanvermə aksiyaları məscidlərdə keçirilirdi. Bu il məscidlərdə bu imkan olmadığından insanlar qan bankının özünə müraciət edə bilərlər.  Bundan başqa hər zaman ehsan süfrələri açılırdı. Bu il imkan olmadığından həmin vəsaitlə ehtiyacı olan insanlara ərzaq yardımı etmək olar”.

Əbülfət Baxşəliyev, spacetv.az

Paylaş

 Xəbəriniz olsun