Ötən gün Ağsunun dağlıq ərazilərinə düşən dolu və leysan yağışlar bir sıra fəsadlar törədib.

  • Space TV
  • 18 May 2020 10:41

Axşam saatlarında rayonun dağlıq kəndlərinə əvvəlcə  güclü leysan, daha sonra dolu düşüb. Nəticədə rayonun Xatman, Dilman, Hacımən,  Kalva və Suraxanı kəndlərində bir sıra fəsadlar yaranıb. Selin dağlardan gətirdiyi daş və qaya parçaları kəndlərə gedən yolların bağlanmasına səbəb olub. Hazırda minik maşınınlarının kəndə gediş-gəlişi çətinləşib. Kənd sakinlərinin verdiyi məlumata görə, 20 dəqiqə davam edən dolu taxıl sahələrinə ciddi ziyan vurub. Elektirik enerjisinin verilişində fasilələr yaransa da, problem qısa müddətdə aradan qaldırılıb. Güclü leysan yağışlarının yaratdığı sel suları ən çox rayonun şimal ucqar ərazisindəki Kalva kəndinə ziyan vurub.  Selin gətirdiyi daş və torpaq kütləsi kəndə girişi, eləcə də kəndarası yollarda hərəkəti iflic vəziyyətinə salıb. Rayon fövqəladə hallar komissiyasının həyata keçirdiyi operativ tədbirlər yollarda hərəkəti qismən bərpa edib. Əraziyə göndərilən texnika və işci qüvvəsi gecə ikən bu sahədə xüsusi fəallıq göstərib. Mayın 15-də səhər saatlarından etibarən bütün qüvvələr sel sularının yaratdığı fəsadların tamamilə aradan qaldırılmasına cəlb olunub.  Hazırda yolların təmizlənməsi istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, yağan dolu və leysan yağışlar Kalva kəndində 5 fərdi yaşayış evinə də ziyan vurub. Fövqəladə komissiya dəyən zərəri müəyyənləşdirir.

 Sel suları rayonun Quzay kəndində 14 yaşlı iki uşağın həyatını ölümlə üz-üzə qoyub. Ağsu çayının Suraxanı kəndi istiqamətindəki qoluna gələn güclü sel malları örüşdən gətirən və o anlarda çay qolunu keçmək istəyən Quzay kənd sakinləri – Eyyub Əmirov və Ömər Ömərovu “yaxalayıb”. Uşaqlar qaçaraq çaydan çıxmağa çalışsalar da, bunun mümkün olmadığını görüb sahilə yaxın yerdəki ağaca çıxıblar. Uşaqların bu vəziyyətdə kömək harayını eşidən kənd sakinləri Yalçın və Rövşən Əsədov qardaşları çox çətinliklə onları xilas edə biliblər.

                                                                                VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun