Onları unutmayaq!

  • SpaceTV
  • 11 Aprel 2020 11:54

Sona xanım. 28 yaşlı bu gənc xanımı başqalarından fərqləndirən həyat tərzindəki bir əlavədir. Sona xanım talassemiya daşıyıcısıdır və bütün talassemiya daşıyıcıları kimi ona da həyatda qalması üçün müəyyən vaxt aralığı ilə qan köçürülür. Onları başqalarından fərqləndirən tək səbəb də elə budur. 12 yaşında talassemiyalı olduğunu öyrənən Sona xanıma 16 ildir ki, 15 gündən bir qan köçürülür.

Ancaq son günlər qəhrəmanımız Sona və onun kimi minlərlə talassemiya daşıyıcısı qan azlığından əziyyət çəkir. Səbəb isə koronavirusdur. Bəli, dünyada demək olar ki təsir etmədiyi sahə qalmayan koronavirus bəlası bu insanların da həyatına  təsirsiz ötüşməyib. COVİD-19-la əlaqədar elan edilmiş xüsusi karantin rejimi və insanların sosial izolyasiya tədbirlərinə riayət etməsi talassemiya daşıyıcıları üçün növbəti  sıxıntı yaradıb. Qan ehtiyatının azalması və donorların mövcud vəziyyətlə əlaqədar qan verməməsi, birbaşa talassemiya və hemofiliya xəstələrinə təsir edir.

Aparılan təbliğat işləri nəticəsində artıq bir neçə gündür ki, çox sayda insan donor kimi Mərkəzi Qan bankına müraciət edir.

Buna baxmayaraq qan ehtiyyatının kəskin azalması səbəbindən hələ kifayət qədər qan toplanmayıb. Və hələ də çox sayda talassemiya daşıyıcısı qan azlığından əziyyət çəkir.

Bu insanların ümid yeri bizik sən, mən, o. Bir sözlə hamımız.

Onu da unutmamalıyıq ki, qan vermək həm də səhhətiniz, sağlamlığınız üçün faydalıdır.

Bütün bəşəriyyətin  koronavirus  infeksiyası ilə müxtəlif üsullarla apardığı mübarizəyə bir də bu istiqamətdə qoşulaq. İmkan verməyək ki, virus daşıyıcılarından başqa digər insanlar da xəstəliyin qurbanına çevrilsin.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun