Ölkəmizin bəzi su-bataqlıq ərazilərində qışlayan köçəri quşların sayı azalmaqdadır.

  • SpaceTV
  • 19 Fevral 2020 14:23

Lənkəran, eləcə də Kür-Araz ovalığını əhatə edən Qızılağac Milli Parkında quşlar aləmi son dərəcə dinamik və rəngarəngdir. Belə ki, milli parkın ərazisində 300-dən çox quş və 50-dən çox balıq növünə rast gəlinir. Amma növbəti illərdə buradakı köçəri quşların sayı və növləri kəskin azala bilər. Buna səbəb isə qış aylarında yağıntıların normadan az düşməsidir. Qızlağac Milli Parkının ərazisində lazımı su ehtiyatının toplanmamasına görə, köçəri quşlar Xəzər dənizinin dərinliklərinə doğru çəkiliblər. Burada isə heç də su-bataqlıq ərazilərində olduğu kimi quşların qidalanması və soyuqdan qorunması üçün optimal şərait yoxdur. Bu vəziyyət yaz aylarında köç edəcək quşlar üçün daha da təhlükəli ola bilər. 

Mütəxəssislər hesab edir ki, ölkəmizdə qış mülayim keçdikdə bir çox köçəri quşlar Qızılağac Mili Parkının ərazisinə köç etmələri üçün gözləmə mövqeyində olurlar.

100 min hektara yaxın ərazini əhatə edən Qızılağac Milli Parkı Neftçala, Lənkəran və Masallı rayonlarının ərazilərində yerləşir. Burada adları “Qırmızı kitab”a düşmüş quş növləri ilə yanaşı, müxtəlif  çöl heyvanları da qorunur.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun