Ölkəmizdə hər şey vətəndaşın sağlamlığının qorunmasına yönəlib – VİDEO

  • Space TV
  • 14 Sentyabr 2020 14:32

Dünya ölkələri bir-birinin ardınca ikinci dalğanın başlandığını elan edib. Türkiyə, Avstriya, Fransa və Çexiyada  yoluxma sayı sürətlə artır. Spacetv.az xəbər verir ki, bu səbəbdən  həmin ölkələrdə karantin rejimi qaydalarının sərtləşdirilməsi zərurəti yaranıb. Təbii ki, payız fəslinin gəlməsi, soyuqların düşməsi heç bir ölkənin virusun dalğasının genişlənməsindən sığortalanmadığını deməyə əsas verir. Amma Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində ölkədə pandemik vəziyyəti nəzarətdə saxlamaq mümkün olub. Uzun fasilədən sonra bu gün metropoliten qapılarını sərnişinlərin üzünə açdı.  Sabahdan etibarən isə məktəblərdə dərslər başlayır.  Yoluxmanın artmaması üçün hər şey xırdalıqlarına qədər nəzərə alınıb. Hətta ilk dərs günü birincilərin məktəbə gül aparmalarına belə icazə verilmir. Məlum olduğu kimi virusun yayılmasının qarşısını əsasən maskalar və sosial məsafənin gözlənilməsi ilə almaq mümkündür. Bu əsas tələbə də məktəblərdə riayət olunması nəzərdə tutulub. Şagirdlərin sosial məsafəyə riayət etmələri “məktəblinin dostu”nun nəzarətində olacaq. Məktəblilərin maskadan istifadəsinə gəldikdə isə bu məsələ valideyn və ya onun qanuni nümayəndəsinin ixtiyarına buraxılıb. Dövlət məktəblilərin bu dəhşətli virusa yoluxmamaları, onu sonra evlərinə daşımamaları üçün zəruri gigiyenik tədbirləri də görür. Məktəblər gün ərzində iki dəfə dezinfeksiya ediləcək. Eləcə də virusun yayılmasının qarşısının alınması üçün təhsil müəssisələri bütün gigiyenik vasitələrlə təchiz olunub.

Eləcə də, məktəblərdə hər ehtimala qarşı tibb otağı və xüsusi karantin otağı da fəaliyyət göstərəcək. Bütün bu tədbirlər dövlətin vətəndaşına qayğısının, diqqətinin nəticəsidir. Dövlət hər zaman vətəndaşını, onun sağlamlığını düşünür. Ümid edirik ki, həyata keçirilən tədbirlər Azərbaycanda koronavirusla bağlı təhlükəli vəziyyətin yaranmasının qarşısını alacaq.

Paylaş

 Xəbəriniz olsun