Oktyabrın 2-də Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayacaq

  • SpaceTV
  • 30 Sentyabr 2019 16:54

Oktyabrın 2-də Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayacaq.

Bu barədə  “Space” – ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilib.

Müraciətlərə baxılması işi prokurorluq orqanlarının əsas vəzifələrindən biri hesab edilməklə son illər bu sahədə işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində müasir üsul və metodlardan istifadə olunub. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində 2001-ci ildən başlayaraq bir çox işlər görülüb, o cümlədən Baş Prokurorluqda “qaynar xətt”, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində isə “161 – qaynar xətt” əlaqə mərkəzləri yaradılaraq uğurla fəaliyyət göstərir.

Ötən müddət ərzində “Qaynar xətt” əlaqə mərkəzləri vətəndaşlarla, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsinə, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, operativliyin və aşkarlığın artırılmasına xidmət edib, müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülüb.

Dövlətimizin başçısı İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi yaradılıb. Oktyabrın 2-də fəaliyyətə başlayacaq “961” nömrəli Çağrı Mərkəzində prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntular barədə müraciətlərin qəbulu və qeydə alınması, daxil olan sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması mümkün olacaq.

Aşkarlığın təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Çağrı Mərkəzinə müraciətlərin qəbulu və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun