Növbəti aqrar səyyar xidmət təşkil olunub – FOTO

  • Space TV
  • 14 Oktyabr 2020 11:01

Kürdəmir rayonunun Sorsor kəndində növbəti aqrar səyyar xidmət təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyindən Spacetv.az-a verilən məlumata əsasən, xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. 

Ümumilikdə kənd üzrə 271 fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdadır, bunlardan ikisi hüquqi şəxs, qalanları isə fiziki şəxslərdir.

Səyyar xidmət zamanı növbə sistemi təşkil olunub, fermerlərə maska paylanıb, onların müraciətləri təmin edilib.

Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmələri tələb olunur.

Xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir.

Səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur. 
Bunadək payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz və Masallı rayonlarında müvafiq xidmətlər keçirilib. Yaxın günlərdə Şəki, Şəmkir və digər rayonlarda analoji xidmətlərin təşkili nəzərdə tutulur.

Payızlıq əkinlərin bəyanı ilin sonunadək davam edəcək.

Paylaş

 Xəbəriniz olsun