Norveçdəki Azərbaycan diasporunun fəalları Qarabağ münaqişəsi ilə bağlı növbəti yalanları ifşa ediblər – FOTO

  • Space TV
  • 31 Dekabr 2020 10:08

Norveçdə yaşayan azərbaycanlı diaspor fəalları Şervin Nəcəfpur və Vəfa Bakkalar bu ölkənin silahlı qüvvələrinin forumunda dərc edilən Qarabağ müharibəsi haqqında təxribat xarakterli və iftira dolu yazını ifşa edərək, saytda cavab məqaləsi yerləşdiriblər.

AZƏRTAC xəbər verir ki, “Artıq soyqırımların tanınmasının vaxtı gəldi” sərlövhəli məqalədə ermənilərin azərbaycanlılara qarşı törətdiyi 3 böyük soyqırımı faktı haqqında geniş məlumat verilib, Qarabağ münaqişəsini öyrənməyə çalışan şəxslər və qurumlara bu faktlarla yaxından tanış olmaq təklifi edilib.

Şervin Nəcəfpur və Vəfa Bakkaların fikrincə, soyqırımı kimi tanınan hadisələr haqqında danışarkən “Cilovluq faciəsi”, “Mart soyqırımı” və “Xocalı soyqırımı” kimi tanınan qanlı və qorxunc xatirələrlə nəsillər boyu miras qalan və minlərlə insanın qətlə yetirilməsi ilə nəticələnən dəhşətli faciələrə diqqət yetirilməlidir. Bildirilir ki, törədilən bu üç qırğının kökündə “böyük Ermənistan” xülyası ilə yaşayan erməni silahlıların azərbaycanlıları etnik təmizləməyə məruz qoyaraq, onların yaşadıqları ərazilərdə öz planlarını həyata keçirmək cəhdləri dayanıb. Diqqətə çatdırılır ki, məhz bu arzular uğrunda aparılan hərbi və siyasi mübarizə sonda Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb olub.

1990-cı illərdə Dağlıq Qarabağda baş verən hadisələr nəticəsində azərbaycanlıların saysız-hesabsız vəhşiliyə məruz qaldığı vurğulanan məqalədə separatçıların azərbaycanlıların şəhər və kəndlərinə girərək insanları öz doğma torpaqlarından qovduğunu, nəticədə ölkəmizin ərazisinin 20 faizinin uzun illər işğal altında saxladığını bildirən diaspor nümayəndələri qeyd ediblər ki, bunları unutmaq olmaz.

BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq siyasi institutlar tərəfindən Ermənistanın təcavüzkar siyasətini pisləyən çoxsaylı qətnamələrin qəbul olunduğunu və həmin sənədlərdə işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi Ermənistandan tələb olunduğunu xatırladan diaspor fəalları bu məsələyə də təcavüzkar ölkə tərəfindən uzun illər məhəl qoyulmadığını xatırladıblar.

Bu il baş verən Qarabağ müharibəsi əsnasında Norveç mediasının münaqişəni qərəzli işıqlandırması hallarının olduğu təəssüf hissi ilə diqqətə çatdırılan məqalədə deyilir ki, medianın tənzimlənməmiş və məsuliyyətsiz addımları hazırda Norveçdə yaşayan azərbaycanlılar arasında böyük narahatlıq yaradır.

Bu və digər faktların Qarabağ münaqişəsini təhlil edən məqalələrdə nəzərə alınmamasını məsələyə birtərəfli mövqedən yanaşma və qəsdən yazılan yalan kimi qiymətləndirilməli olduğu vurğulanan yazıda deyilir: “Fakt budur ki, sözdə erməni soyqırımından fərqli olaraq, bu üç soyqırımı yaxşı sənədləşdirilmiş, lakin beynəlxalq səviyyədə laqeydliklə üzləşmiş tarixi hadisələrdir. Azərbaycan xalqının tarix boyu yaşadığı dəhşətlər haqqında məlumat əldə etmək üçün çox şey lazım deyil, internetdə axtarış etmək kifayətdir”.

Paylaş

 Xəbəriniz olsun