Neft ucuzlaşır

  • Space TV
  • 25 Yanvar 2021 11:15

Dünya bazarında neftin qiymətləri səhər saatlarında bir qədər aşağı düşüb, dünyada koronavirus və karantin məhdudiyyətləri ilə əlaqəli vəziyyət xammala olan tələbat perspektivləri ətrafında narahatlıqlar yaradır.

Spacetv.az “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:46-ya olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,14% azalaraq bir barel üçün 55,17 ABŞ dollarına, mart fyuçersləri isə 0,13% ucuzlaşaraq 55,34 ABŞ dollarına düşüb. WTI markalı neftin mart fyuçerlərinin dəyəri də 0,08% azalaraq 52,23 dollar/barel təşkil edib.

“Neftə tələbatın zəifləməsinin əlamətləri bazarın artımını dayandırır” – “Reuters” agentliyi Çin, Honkonq və Fransada karantinlə bağlı vəziyyətə işarə edən ANZ analitiklərinin fikrini çatdırıb.

Koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin sərtləşdirilməsi qorxusu ümumiyyətlə neftə tələbatla bağlı gözləntilərə bilavasitə təsir edir. Belə ki, daha əvvəl KİV-də Fransada karantinin yenidən sərtləşdirilməsi barədə məlumat verilmişdi.

Bundan əlavə, bazarlar dünyanın ən böyük neft idxalçısı olan Çində yoluxma sayı üzrə statistikadan narahatdır. Son bir gündə ölkədə 124 koronavirusa yoluxma hadisəsi aşkar edilib, ayın ortalarından bəri bu rəqəm hər gün yüzü keçir. Bu isə iyul ayının statistikasına uyğundur. İnvestorlar Çində ay təqvimi üzrə Yeni ilin qeyd edilməsinin yenidən yoluxmaların sayının artmasına səbəb ola biləcəyindən ehtiyat edirlər.

Paylaş

 Xəbəriniz olsun