Nazirlik rəsmisi son günlərin hava temperaturundan danışdı

  • SpaceTV
  • 19 Mart 2020 11:51

“Bir neçə gündür hava şəraiti, gözlənildiyi kimi, nəzərəçarpacaq dərəcədə dəyişib. Əgər mart ayının birinci ongünlüyündə nisbətən alçaq təzyiq sahəsi və cənub-şərq, cənub hava axınları  fonunda temperatur iqlim normasından 5-7 dərəcə artıq idisə, son üç gündə temperatur çoxillik göstəricilərdən aşağı düşərək, gündüz saatlarında 6-8 dərəcə olmaqla, qış aylarının temperaturuna yaxınlaşıb”.

SPACE TV xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva son günlər hava şəraitinin dəyişkən keçməsi ilə bağlı verdiyi şərhdə deyib:

“Hazırda respublika ərazisində bəzi vaxtlarda yağıntılar müşahidə olunur. Dağlıq rayonlarda hətta qalınlığı 1-12 sm qədər qar örtüyü yaranıb. Şimal küləyi güclənib. Abşeronun xilaskarı olan bu külək nəticəsində havanın nə dərəcədə təmizlənməsi vizual olaraq görünür.

Sinoptik durumu müəyyən edən şimal-qərb antisiklonunun daxil olması ilə nisbətən yüksək təzyiq sahəsinin üstünlüyü hesabına hava oksigenlə zənginləşib. Güclü şimal küləyinin təsiri ilə isə havanın tərkibində olan asılı toz hissəcikləri və zərərli maddələr uzaqlaşdırılıb ki, bu da atmosferin aşağı qatlarında havanın təmizlənməsi ilə nəticələnib”. 

U.Tağıyeva bildirib ki, havanın keyfiyyətinin monitorinqi üzrə avtomat stansiyaların məlumatlarına əsasən, Bakı şəhərində çirklənmə yol verilən həddi keçməyib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, tutqun hava bəzi insanların əhvalına mənfi təsir göstərsə də, optimist insanlar belə dəyişkənliklərdə də müsbət halları görməyi bacarırlar. Gəlin optimist olaq! Buna əlavə olaraq, bir qədər də optimizmi artırmaq üçün bildiririk ki, həkimlərin rəyinə görə müşahidə olunan yağışlı-küləkli hava şəraiti koronavirus infeksiyasının inkişafına mənfi təsir göstərir:

“Hətta qeyri-sabit hava da özündə müsbət amil daşıya bilər”.

Paylaş

 Xəbəriniz olsun