Nazirlik rəsmiləri Vətən Müharibəsinin qazisi ilə görüşdü

  • Space TV
  • 10 Dekabr 2020 16:30

“Vətən Müharibəsində qazanılmış qələbədə payı olanlardan biri də Qəbələnin Uludaş kənd sakini Zaur İsrafilovdur. Zaur müharibədə yaralanıb və əlilliyinin qiymətləndirilməsi aparılacaq”.

Spacetv.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Fazil Talıbov məlumat verib:

“Nazirliyin əməkdaşları Zaurla görüşərkən bu barədə və əlillik dərəcəsi təyin edildiyi halda təqaüd və müavinətlə təmin ediləcəyi barədə ona məlumat veriblər.

Onun ailə üzvləri ilə bağlı sosial dəstək işləri də aparılır: DOST İŞ Mərkəzi tərəfindən atası Yaşar İsrafilov hələ bir müddət əvvəl işlə təmin edilib.

Məşğulluq mərkəzi isə anası Hicran İsrafilovanı növbədənkənar olmaqla özünüməşğulluq proqramına cəlb edib və yaxın günlərdə təsərrüfatını qurmaq üçün ona mal və materiallar veriləcək.

Zaurun qardaşı Rəşid peşə məktəbində oxuyur, məktəbi bitirəndən sonra Məşğuluq Mərkəzi onu işlə təmin edəcək. Ailənin ən kiçik üzvü Lalə isə məktəblidir”.

“Onu da bildirim ki, yaşayış vəziyyəti barəsində sosial şəbəkələrdə məlumat verilib-verilməməsindən asılı olmayaraq, şəhid ailələrinin, müharibədə yaralanmış insanlarımızın hər biri ilə bağlı sosial dəstək işləri aparılır.

Nazirliyin əməkdaşları onlarla görüşür, sosial vəziyyətlərini öyrənir, sosial təminat hüquqları barədə məlumatlandırır və bu hüquqların qısa müddətdə təmin edilməsi, o cümlədən, müvafiq sosial ödənişlərin təyin olunması üçün bütün tədbirləri görürlər”,- deyə nazirlik rəsmisi bildirib.

Paylaş

 Xəbəriniz olsun