Naxçıvana yeni ambulanslar verildi

  • SpaceTV
  • 23 Sentyabr 2020 15:25

Bu gün Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.

Spacetv.az xəbər verir ki, bununla bağlı agentlik məlumat yayıb.

Səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlardan danışan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub:

“Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi cari ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib.

Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir”.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Baş naziri Agentliyin İdarə Heyətinin sədrindən “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan yeddi ədəd – bunlardan beş ədədi sadə, iki ədədi reanimobil olmaqla, təcili tibbi yardım avtomobillərini qəbul edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovun sözlərinə görə, dövlət başçısının səhiyyə sahəsində yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır.

Baş nazir bildirib ki, Naxçıvana təqdim edilən təcili tibbi yardım avtomobilləri muxtar respublikada səhiyyə sahəsi üzrə həyata keçirilən işlərə əlavə bir töhfədir:

“Biz bunu yüksək qiymətləndiririk və cənab Prezidentə və Birinci vitse-prezidentə öz təşəkkürümüzü ifadə edirik”.

Məlumat üçün bildirək ki, 2020-ci il ərzində Agentlik tərəfindən Almaniya istehsalı olan “Mercedes Sprinter 416” markalı avtomobil bazasında Türkiyədə yığılan 26 ədəd reanimobil, “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 42 ədəd sadə təcili tibbi yardım avtomobilləri, Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 ədəd sadə və 22 ədəd reanimobil “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən, həmçinin, 84 ədəd “Fiat Doblo” markalı təcili tibbi yardım avtomobilləri “Autouniversal” Məhdud Məsuliyyətli Cəmiyyətindən satın alınıb.

Paylaş

 Xəbəriniz olsun