Nəticələr elan olunub

  • SpaceTV
  • 9 Avqust 2019 12:12

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 Ali təhsil müəssisələrinin müsabiqəsində 58min 258 nəfər iştirak edib. Onlardan 42 min 062 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı bu gün  “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq.

Tələbə adı qazanmış şəxslər 2019-cu il avqustun 15-dən 27-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Xatırladaq ki, bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiadası, 21 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan “Internatıonal Baccalaureate” təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə IV ixtisas qrupu üzrə 125 abituriyent Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Paylaş

 Xəbəriniz olsun