Mütəşəkkil dəstə rəhbəri tutuldu

  • SpaceTV
  • 28 Avqust 2019 15:41

Yeddi il öncə barəsində axtarış elan edilən və qiyabi olaraq həbs qətimkan tədbiri seçilən Azərbaycan vətəndaşı Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasında saxlanılıb və Azərbaycana gətirilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Elnur Hüseynov külli miqdarda psixotrop maddənin satış məqsədilə qanunsuz yolla əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılığını həyata keçirən sabit cinayətkar qrup – mütəşəkkil dəstənin rəhbəri olub.

Azərbaycan gömrükçüləri həmin cinayətkar dəstənin izinə 2011-ci ilin oktyabrında törədilən cinayət işini araşdırarkən düşüb.

Həmin tarixdə Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən cinayətkar qrupun üzvü Azərbaycan Respublikasının vətəndaşı Bağırov Əfqan İlham oğluna məxsus çamadana gömrük baxışı keçirilərkən gömrük nəzarətindən gizlədilmiş şəkildə 2295,7 qram metamfetamin psixotrop maddəsi aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun rəhbəri Hüseynov Elnur Elxan oğlu İran İslam Respublikasında şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə birlikdə qeyd edilən külli miqdarda psixotrop maddəni Azərbaycanın gömrük sərhədindən tranzit qaydada keçirməklə İrandan Tailand və Malayziya krallıqlarına göndərməyi planlaşdırıb. Bu məqsədlə Hüseynov Elnur Elxan oğlu cinayətkar dəstə yaradıb, dəstəyə digər iştirakçılar, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları – Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlunu cəlb edərək onları təlimatlandırıb, iştirakçıların fəaliyyətlərini əlaqələndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər verib, cinayətlərin icraçılarına haqq ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsini təşkil edib və beləliklə, planlaşdırılan cinayətlərin törədilməsinə rəhbərlik edib.

Beləliklə, Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilib, cinayətlərin təşkilatçısı Hüseynov Elnur Elxan oğlu isə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbsli axtarış elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cabbarzadə Yeganə , Rzayev Bayram  və Bağırov Əfqan təqsirli bilinərək hər biri 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Cinayət işinin istintaqı zamanı qrupun cinayətkar fəaliyyətilə bağlı həmçinin 4 nəfər Azərbaycan vətəndaşının – Quliyev Ruslan Xanqulu oğlu, Abdullayev Nəbi Yaşar oğlu, Ələkbərov Niyammədin Xanlar oğlu və İsmayılova İradə Namid qızının psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı Malayziyada, digər Azərbaycan vətəndaşının – Məmmədov Rəşad Kamal oğlunun Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı müəyyən edilib.

Həmin şəxsləri cinayətkar fəaliyyətə cəlb etmiş Hüseynov Elnur Elxan oğlu barəsində isə 2012-ci ilin fevralında axtarış elan edilib və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə qiyabi olaraq həbs qətimkan tədbri seçilib.

Nəhayət, 7 il sonra – bu ilin avqust ayında Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyənın İstanbul şəhərində saxlanılıb və Azərbaycana gətirilərək Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib. Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Hüseynov Elnur Elxan oğluna ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun