Musa Quliyev: “Evimizdə kor Bakı ermənisi yaşayırdı” – VİDEO

  • SpaceTV
  • 30 May 2020 11:28

“1988-ci ildə biz ordan çıxdıq, Urudu itirdik. Təsəvvür edirsiniz, mən 18 il hər gecə o kəndi yuxumda görürdüm. 2006-cı ildən sonra isə bir dəfə olsun Urudu, kəndimizi yuxumda görmürəm”.  Bunu əslən Qərbi Azərbaycandan olan millət vəkili, şair Musa Quliyev (Urud) “Space” TV-də yayımlanan  “Sadə həqiqətlər” verilişində deyib. Millət vəkili doğma kəndinin yuxularından da uzaq düşməsini bir hadisə ilə əlaqələndirir:  “2006-cı ildə İrəvanda bir tədbir var idi, o xətlə getmişdim. Oradan da imkan yarandı, turistik bir gün var idi, xahiş etdim, məni kəndimizə, Uruda apardılar. Doğma kəndimizə, evimizə getdim, evimizi gördüm.  Evimizdə bir kor erməni yaşayırdı.  Qonaq otağında divarda nənəmin anasının toxuduğu bir xalça vardı. Onu anası nənəmə cehiz vermişdi. Nənəm də 46-cı ildə mənim anama onu cehiz vermişdi. Həmin otağa girəndə isə xalçanı gördüm. Xalçanın üstündə bir əsgər şəkli var idi. Hərbi formada əsgər şəkli vardı.  Sonra aşağı enəndə o erməni əvvəl mənim salamımı almadı. 90 yaşı vardı, kor erməni-Bakı ermənisi idi. Azərbaycan dilində dedi ki, sən bura niyə gəlmisən? Dedim ki, divardakı xalçanı sat mənə, onu aparım. O, mənim anama – anamın da yaşı 80-dən çox keçib – bir hədiyyəm olsun ki, nənəsindən ona qalan xalçadı.  Bir az fikirləşdi, dedi, yox, “ara, bəs üstündəki şəkili neyləyim?”. Millət vəkilinin sözlərinə görə, xalçanın üstündəki şəkil qadının  Qarabağ döyüşlərində ölən oğluna aid imiş.

Paylaş

 Xəbəriniz olsun