Mülki şəxs öldürülüb

  • SpaceTV
  • 4 Oktyabr 2019 18:31

Dünən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorçu Səfərəli Alışov düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü, mülki şəxs güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Səfərəli Alışovun cənazəsi bu gün anadan olduğu Masallı rayonu Güllütəpə ərazisinin Əmirtürbə kəndinə gətirilib. Dəfn mərasimində rayon icra aparatının nümayəndələri, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, hüquq mühafizə orqanları rəhbərləri, rayon ağsaqqalları, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda bildirilib ki, sadə peşə sahibi olan 61 yaşlı Səfərəli Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib. Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, vurğuladılar ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası qüdrətli ordumuz tərəfindən düşməndən tezliklə alınacaq. Sonra şəhidlə son vida mərasimi keçirilib, nəşi Əmirtürbə kənd qəbiristanlığında dəfn edilib, ruhuna dualar oxunub. Səfərəli Alışovun təltif olunduğu  “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalları və Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edilib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun