Mülki obyektlərə dəyən ziyanın aradan qaldırılması məqsədilə müvafiq tədbirlərə başlanılıb

  • SpaceTV
  • 16 Oktyabr 2020 17:26

Ermənistan silahlı qüvvələrinin atdığı raket və mərmilərin Azərbaycanın mülki obyektlərinə vurduğu ziyanın aradan qaldırılması məqsədilə müvafiq tədbirlərə başlanılıb.

Spacetv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb. Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərin Minalardan Təmizlənməsi  üzrə Milli Agentliyin (ANAMA) və aidiyyəti yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə araşdırma işlərinə başlanılıb.

Yaradılmış komissiya artıq Mingəçevir şəhərində araşdırma-qiymətləndirmə işlərini başa çatdırıb və qısa müddətdə Gəncə şəhəri üzrə işlər də yekunlaşdırılacaq. Hazırda işlər Bərdə, Beyləqan və Ağcabədi rayonlarında aparılır. Həmçinin, yaxın günlərdə Cəbrayıl, Füzuli, Naftalan və Göygöl rayonlarında da komissiya tərəfindən araşdırma-qiymətləndirmə işlərinə başlanılacaq.

Müharibə vəziyyətində ölkədə infrastruktur və mülki obyektlərin bərpası və tikintisi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və dövlət başçısının vətəndaşlara qayğısının əyani təzahürüdür.

Paylaş

 Xəbəriniz olsun