Mühərriklı əlil arabaları

  • SpaceTV
  • 5 Noyabr 2019 17:44

Əlillərə mühərrikli arabalar veriləcək. Bu kateqoriyadan olan şəxslərin bəzilərinin  əllərində problem olduğu üçün adi  əlil arabalarını idarə edərkən yardımçı şəxslərin köməyinə ehtiyac duyur və daha çox problemlərlə qarşılaşırlar. Həmsöhbətim İqbal Mürsəlov da Qarabağ müharibəsi əlilidir. Bildirir ki, hazırda istifadə etdiyi əlil arabası ilə o da bəzi yerlərə getməkdə çətinlik çəkir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərlə bağlı  qərar layihəsini hazırlayıb.  Layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib. Dövlət tibbi sosial ekspertiza və reabilitasiya xidmətinin rəsmisi Gülnar Əzizova bildirdi ki, tibbi göstəriş olduğu halda tezliklə əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq, başqa adla motorlu araba verilməsi də nəzərdə tutulub.

Bu kateqoriyadan olan vətəndaşlar nazirliyin tabeliyində olan protez ortopedik bərpa mərkəzinə müraciət etməlidir. Mərkəz növbəlilik prinsipi əsasında əliliyi olan şəxsləri reabilitasiya vasitələri ilə təmin edir. Qarabağ müharibəsi əlilləri növbədənkənar qəbul edilir. Yeni layihədə  həmçinin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xüsusi fərqlənməklə sağlamlıq imkanlarını itirmiş əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda əlillər hər 3 ildən bir əlil arabaları ilə təmin olunur..

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun