Moskva Nikolun göz yaşlarına inanmır…

  • Space TV
  • 18 Yanvar 2021 14:49

Rusiya, Azərbaycan və Ermənistan liderləri yanvarın 11-də Moskvada müzakirə apardılar. Space TV-nin məlumatına görə, müzakirələrdən bir gün əvvəl Kremldən yayılan məlumatda deyilirdi ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində, gələcəkdə atılacaq addımlar müzakirə olunacaq. Ermənistan hökumətinin mətbuat xidməti isə Moskvadakı görüşdən bir gün əvvəl bəyanat yaydı ki, baş nazir Nikol Paşinyan, Moskvada ərazi məsələsi ilə bağlı heç bir sənəd imzalamayacaq, yalnız kommunikasiya xətlərinin açılması və regional yükdaşımaları mövzuları müzakirə olunacaq. Görünür, Paşinyan görüşdən əvvəl, erməni cəmiyyətini sakitləşdirmək istəyirdi ki, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq.

Paşinyan Moskva görüşündə əsasən əsirlərin və meyitlərin dəyişdirilməsini  müzakirə etmək istəyirdi. Nikol bu məsələ həll olunmadan iqtisadi əlaqələrin bərpasının mümkün olmayacağının altını xüsusi ilə cızmışdı. Görüş sonrası keçirilən brifinqdə  bunun baş vermədiyi onun səs tonu və üz cizgilərinə hopmuşdu.

 Atlas Araşdırmalar mərkəzi Bakının 6 mühüm şərtini açıqlayıb:

1. Dağlıq Qarabağdakı erməni separatçıları tam tərksilah olunmalıdır;

2. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan qanunları ilə yaşamalı və pasportlarımızı qəbul etməlidir;

3. Laçın dəhlizi 10 noyabr bəyanatına görə Rusiya hərbçilərinin nəzarətində olsa da, qanunsuz keçidlərin qarşısının alınması məqsədilə Azərbaycan sərhədçiləri Laçın istiqamətində keşik çəkməlidir;

4. Ermənistan Azərbaycana qarşı ərazi iddialaırndan vaz keçib Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır;

5. Zəngilanla Naxçıvan arasında dəhliz fəaliyyətə başlamalıdır;

6. Ermənistan Qazaxın 7, Naxçıvanın 1 kəndini Azərbaycana qaytarmalıdır.

Əlbəttə, Moksvadakı müzakirələrdə Azərbaycanın bu tələblərinin yerinə yetiriləcəyi gözlənilmirdi. Buna baxmayaraq, Paşinyan erməni cəmiyyətini tədricən Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməyə hazırlamalıdır. Əks halda, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan iki ölkə arasında iqtisadi münasibətlərin bərpası və Ermənistanın regional əməkdaşlığa qoşulması mümkün olmayacaq.

Kreml hələlik Ermənistanın baş naziri Nikol Paşinyana təzyiqi artırmaq istəmir. Çünki Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atarsa, Ermənistanda onu devirəcəklər. Kreml hələlik Paşinyanın 10 noyabr və 11 yanvar bəyanatlarını yerinə yetirməsini istəyir.

Moskvada 3 dövlət arasında imzalanan 4 maddəlik bəyanatın ümumi mənası budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq yükdaşımalarının təmin olunması daxildir. Bu müzakirələr Azərbaycanın maraqlarına cavab verir.

Azərbaycanın şərtləri məlumdur və onlar yerinə yetirilməlidir. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyünü tanınmadan və Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin və yükdaşımaların perspektivi dumanlıdır.  Paşinyan “status və əsirlərlə” bağlı iradını ortaq mətbuat konfransında ona görə səsləndirdi ki, geri qayıdanda ona bu mövzuları qaldırmadığına görə təzyiq etməsinlər. O, Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlərin məsələsində irəliləyiş əldə edə bildi. Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə Qarabağla bağlı açıqlamaları önəmli idi: “Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik. 30 ildir Minsk qrupunun həll edə bilmədiyi və oradakı azərbaycanlı soydaşlarımızın öz ərazilərindən qovulduğu, oradan sürgünə göndərildiyi bu insanların torpaqlarını yenidən qazanmasına yardımçı olduq. Minsk qrupunun 30 ildə edə bilmədiyini verdiyimiz dəstəklə Türkiyə 44 gündə gerçəkləşdirdi”.

Bu cümlələrdə sonluqlar əhəmiyyətlidir: “təmin etdik”, “yardımçı olduq”, “verdiyimiz dəstəklə Türkiyə gerçəkləşdirib”. Bu sonluqlar ondan xəbər verir ki, Ankara haqlı olaraq danışıqlarda iştirak etmək istəyir.

Paylaş

 Xəbəriniz olsun