MKTB və İH-nin ötür-ötür oyunu – VİDEO

  • Space TV
  • 19 Avqust 2020 11:41

Qaynar xəttimizə gələn bir zəngin izi ilə spacetv.az saytının əməkdaşları Yasamal rayonu Gəray Əsəsdov küçəsində olublar.  Bir neçə gün əvvəl Yasamal rayonu Gəray Əsədov küçəsi -7 ünvanında həyətin ortasında çöküntü meydana gəlib. Çökmə nəticəsində ərazidə dərin quyu yaranıb.

Həyətdə 5 ailə yaşayır. Hadisədən dərhal sonra onlar 64 saylı Mənzil –Kommunal Təsərrüfatı Birliyinə müraciət ediblər.  Birlik də sakinləri Yasamal rayon İcra hakimiyyətinə yönləndirib. Sakin Şirzad Abdullayev deyir bundan sonra Yasamal rayon icra hakimiyyətinə gediblər:“İcra hakimiyyətindən nümayəndələr gəlib baxdılar. Özləri dedilər ki,  çox təhlükəlidir, ehtiyatlı olun. Dedilər, sabah gəlin icra hakimiyyətinə şikayət ərizəsi yazın. Səhəri gün yenidən getdik ərizə yazdıq. Bizə bildirdilər ki, məsələyə 15-30 gün arasında baxılacaq”.

Sakin Şirzad Abdullayev deyir, problemin həll olunması üçün icra hakimiyyətinin təyin etdiyi müddət çoxdur. Bu müddət ərzində hər cür hadisə baş verə bilər. Çünki həyətdə azyaşlılar, xəstələr var. Onları nəzarətdə saxlamaq isə o qədər də asan deyil.

Sakinlər bu ərazidə belə hadisənin ilk dəfə baş vermədiyini də söylədilər. Onların sözlərinə görə, yaşadıqları ərazidə ümumilikdə 10-11 belə quyu var. Onlar buraya köçməmişdən əvvəl bu quyuların üstü örtülsə də zaman – zaman çökmə halları baş verir.

Problemlə bağlı öncə  Yasamal Rayon İcra Hakimiyyətinə üz tutduq. Oradan isə bizi Yasamal rayon Mənzil –Kommunal Təsərrüfatı Birliyinə yönləndirdilər. Ancaq günün sonunə qədər burada da suallarımızı cavablandıran olmadı. Məsələni diqqətdə saxlayacağıq. 

Əbülfət Baxşəliyev, spacetv.az

Paylaş

 Xəbəriniz olsun