Misirlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir

  • SpaceTV
  • 2 May 2020 10:57

Afrikanın qapısı və Yaxın Şərqin “ulduzu” hesab edilən Misir Ərəb Respublikası ilə qarşılıqlı faydalı əməkdaşlıq ölkəmizin maraqları baxımından böyük əhəmiyyət kəsb edir. 1991-ci ilin dekabrında dövlətimizin müstəqilliyini tanımış və 1992-ci ilin aprelində diplomatik münasibətlərin yaradılması barədə protokol imzalamış bu ölkə Azərbaycanın dostu və etibarlı tərəfdaşıdır. Beynəlxalq aləmdə nüfuzu getdikcə artan Azərbaycan qarşıdakı illərdə Misirlə əməkdaşlığın daha da gücləndirilməsi sayəsində Yaxın Şərq və Afrika qitəsində möhkəm siyasi əlaqələr, geniş iqtisadi münasibətlər qura, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini geniş coğrafiyada yaya bilər.

Misirlə əlaqələr ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Məhz bundan sonra, 1994-cü ilin aprelində rəsmi Qahirə BMT-nin Cenevrədəki İnsan hüquqları Komissiyasının 52-ci sessiyasında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Ulu öndərin 1994-cü ilin sentyabrında BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri Azərbaycan-Misir münasibətlərinin möhkəmlənməsi və əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm addım olub. Bu əhəmiyyətli görüşdən sonra iki ölkə arasında iqtisadi əməkdaşlıq geniş vüsət alıb. Qarşılıqlı səfərlər zamanı milli təhlükəsizlik, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı da diqqət mərkəzində olub.

2002-ci il oktyabrın 3-də ulu öndər Heydər Əliyev 1994-cü il 07 aprel tarixində Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”in icrasını təmin etmək üçün Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Sərəncam imzalayıb. Bundan sonra, həmin il oktyabrın 23-25-də Müştərək Komissiyanın I iclasının keçirilməsi ilə əlaqədar Komissiyanın Misir tərəfindən olan həmsədri – Xarici İşlər üzrə Dövlət Naziri Faizə Əbu ən-Nəcə Bakıda səfərdə olub. Komissiyanın fəaliyyəti nəticəsində Müştərək Komissiyanın protokolu, Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında Saziş, Ticarət-Sənaye palataları arasında razılaşma imzalanıb.

Ulu Öndərin uğurlu xarici siyasətini davam etdirən Prezident İlham Əliyev Misirlə əlaqələrin möhkəmlənməsini diqqət mərkəzində saxlayıb. Belə ki, 2005-ci ilin martında iki ölkə arasında informasiya-mədəniyyət mərkəzlərinin təsis edilməsi haqında Saziş, həmin ildə və növbəti-2006-cı ildə Azərbaycanda və Misirdə Mədəniyyət Günlərinin keçirilməsi barədə protokol imzalanıb. Bundan başqa, 2005-ci ilin oktyabrında Qahirəyə səfər edən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Xarici İşlər üzrə Misir Şurasında və Ərəb Dövlətləri Liqasında çıxış edib, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Əlaqələrin tarixində zəngin dövr olan 2005-2006-cı illərdə Qahirədə Azərbaycan–Misir Hökumətlərarası elmi, texniki Müştərək Komissiyasının 2-ci toplantısı, Bakıda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu çərçivəsində siyasi dialoqun 5-ci raundu keçirilib.

Dövlətimizin başçısının 2007-ci il mayın 6-8-də Misirə rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açıb. Onun Misir rəhbərliyi və Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşləri gələcək qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyub. Belə ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Baş katibi Əmr Musa ilə təkbətək görüşündə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, dövlətimizin başçısı, həmçinin Ərəb Dövlətləri Liqasına üzv ölkələrin səfirləri ilə görüşdə dərin məzmunlu nitq söyləyib.

Azərbaycan Prezidentinin rəsmi səfərindən sonra həmin ilin dekabrında Bakıda Hökumətlərarası İqtisadi və Elmi-Texniki Əməkdaşlıq üzrə Müştərək Azərbaycan-Misir Komissiyasının 3-cü iclası keçirilib.

Misir ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə də fəal iştirak edir. Hələ 2007-cı ilin aprelində Bakıda keçirilmiş “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq konfransda misirli ictimai-siyasi xadimlər və jurnalistlər fəal iştirak ediblər. Misir nümayəndə heyətləri 2008-ci ilin iyununda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ISESCO-nun dəstəyi ilə keçirilmiş Beynəlxalq Forumda, 2011-ci ilin aprelində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, ötən il ən yüksək səviyyədə təşkil olunmuş Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında fəal iştirak ediblər.

2018-ci il fevralın 22-də Qahirədə keçirilmiş Misir-Azərbaycan Hökumətlərarası İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasında da qeyd edildiyi kimi, ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. 2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda ümummilli lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub.

Misir-Azərbaycan əlaqələrinin inkişafı üzrə geniş potensial mövcuddur. Misirli siyasətçilər, xüsusən Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri qarşıdakı dövrdə əlaqələrin inkişafının, beynəlxalq platformada daha sıx əməkdaşlığın iki ölkənin maraqlarına cavab verdiyini bildirirlər.

Paylaş

 Xəbəriniz olsun