Min il yaşı olan sənət

  • SpaceTV
  • 23 Sentyabr 2019 15:57

Döymə sənətinin bir neçə min illik yaşı var. Döymələr əsasən, ağac, daş üzərində işlənilir. Biz sizə əlvan metal üzərində işlənilən döymə sənəti barədə danışacağıq.

Space” –in bölgə müxbiri məlumat verir ki, həmsöhbətimiz  50 ilə yaxındır ki, bu sənətlə məşğul olan  Xaçmaz rayonunun Mürşüdoba kənd sakini  Zeydulla Ağayevdir. O, bu sənətin vurğunudur. Emalatxanası olmasa da evinin bir guşəsində gözəl sənət əsərləri yaradır. Əsərlərini əsasən mis və alüminium üzərində hazırlayan sənətkar daha çox ədəbiyyat və tarix mövzularına üstünlük verir.

İxtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Zeydulla Ağayev uşaq yaşlarından rəsm çəkməyə, 17 yaşından isə heç bir müəllimi olmadan eskizləri mis, alüminium üzərinə köçürməyə başlayıb. İllər keçdikcə onun bu sənətə marağı daha da artıb. İndiyədək 100-lərlə əl işi olan sənətkarın hər bir işində xüsusi nəfəs hiss olunur. Əl işləri xarici turistlərin də böyük marağına səbəb olur. İndiyədək onun 500-dən çox əsəri  42 ölkədən gələn turistlər tərəfindən alınıb.

Onu da deyək ki, metal üzərində əsər yaratmaq çox çətin və mürəkkəb prosesdir. Bu sənət ilk növbədə iti göz və böyük ustalıq, bir sıra vacib keyfiyyətlər tələb edir. Burada  xalq yaradıcılığı, rəssamlıq qabiliyyəti, bədən cizgilərinin qabarmasının təbii alınması üçün heykəltəraşlıq bacarığı, metallardan rəng almaq üçün mütləq kimyanı müəyyən qədər bilmək lazımdır. Bir sənət nümunəsinin ərsəyə gəlməsinə isə günlərlə, hətta aylarla vaxt sərf edilir. Zeydulla Ağayevin sənətkarın gələcək arzusu isə bu sənəti  əbədi  yaşatmaqdır. Bunun üçün o, sənətin sirlərini övladlarına öyrədir. 

Emin Vaqifoğlu Xaçmaz Space

Paylaş

 Xəbəriniz olsun