Milyonları zəhərləyən tütün məhsulu

  • SpaceTV
  • 21 Noyabr 2019 18:09

Azərbaycanda ildə təxminən 60%-ə yaxın insan ürək-damar sistemi xəstəliklərindən dünyasını dəyişir. 

Ölkədə ölümlərin səbəbi olan illik xəstəliklərə diqqət etsək,  həmin xəstələrin təxminən 80%-i siqaret aludəçiləri olub. Bu sözləri ürək-damar cərrahı Rəşad Mahmudov bildirdi. Məhz bu rəqəm faizi deməyə əsas verir ki, siqaretin ölümü tezləşdirməsi müzakirə mövzusu ola bilməz.

Məlumdur ki,tütün sadəcə zərərli vərdiş deyil, əslində insan həyatı üçün böyük  təhlükə yaradan vasitədir. Həm sağlamlığımıza, həm də cibimizə ziyan olan siqaretin  digər zərərli maddələrdən fərqi ondadır ki, onun təsiri uzun illərdən sonra hiss olunur.Tütünün bədəndə yaratdığı fəsadlar arasında  ilk yerdə ürək-damar, 2-ci yerdə isə ağciyər xəstəlikləri qərarlaşıb.

Alimlərin  araşdırmalarına görə, gündə bir ədəd siqaret çəkən kişilərdə ürək-damar xəstəliklərinin yaranması riski siqaret çəkməyən kişilərlə müqayisədə 48 faiz, insult keçirmə riski isə 25 faiz daha yüksəkdir. Siqaret çəkənlər ürək xəstəliyi və ya insult riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün siqaretdən tamamilə imtina etməlidirlər.  Dünyanın bir çox ölkələrində siqaretə və tütünə qarşı ciddi mübarizə gedir. Hər ölkədə fərqli formada…  Rusiyada siqaret qutularının üzərində “öldürür” sözü yazılır. Türkiyədə isə siqaretə qarşı daha ciddi tədbirlər görülür. Dövlət siqaretin qiymətini bazar səviyyəsindən çox yüksəyə qaldırıb. Siqaret qutularının üzərinə isə siqaret aludəçiliyinin sonu olaraq ölmüş adamların, yaxud da çürümüş qara ciyər şəkilləri yapışdırılır. Fransada həftədə bir dəfə siqaret çəkməyin zərərləri barədə məktəblərdə söhbətlər aparılır. Buna baxmayaraq milyonlarla insanı zəhərləyən bu tütün məhsulundan istifadə edənlərin sayı dünyada kifayət qədərdir. Qeyd edək ki, 21 noyabr Beynəlxalq Tütünçəkmədən İmtina Günüdür. Beynəlxalq Tütünçəkmədən İmtina Günü bir daha öz sağlamlığımız, yaxın və doğmalarımızın sağlamlığı barədə düşünməyə vadar edir. tütünsüz yaşayaq və sağlam olaq! Siqareti elə bu gün atmağa tələsin, sonra gec ola bilər.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun